Aİ-dən Ukrayna ilə bağlı mühüm qərar: Üzvlük üçün tarix müəyyənləşdirilir


Avropa İttifaqı (Aİ) birliyə üzvlüyə ən yaxın namizəd hesab olunan dörd ölkə üçün üzvlük prosesinin mərhələlərini və mümkün tarixlərini müəyyənləşdirməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə "Politico" Avropa Komissiyasında layihə üzərində çalışan iki yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.

Bildirilib ki, Aİ ən perspektivli namizədlər üçün xüsusi fəaliyyət planları hazırlayır. Brüssel ilk dəfə olaraq Monteneqro, Ukrayna, Moldova və Albaniyanın üzvlük danışıqlarında əsas mərhələləri başa çatdırması üçün hədəf tarixlərin müəyyənləşdirilməsi imkanını nəzərdən keçirir.

Hazırlanan “yol xəritələri” hər bir namizəd ölkədən hansı islahatların və addımların gözlənildiyini daha dəqiq müəyyənləşdirməyə imkan verəcək. Eyni zamanda, bu sənədlər Aİ üzvü olan ölkələrin də üzərinə öhdəliklər qoyacaq. Çünki üzvlük prosesinin növbəti mərhələyə keçməsi üçün onların razılığı tələb olunur.

Qeyd olunur ki, belə bir mexanizm qəbul olunarsa, Aİ ilk dəfə namizəd ölkələrə islahatları davam etdirdikləri təqdirdə üzvlüyə qəbul olunacaqları ilə bağlı daha aydın təminat verə və danışıqların başa çatması üçün təxmini müddətlər müəyyənləşdirə bilər./publika.az


MANŞET XƏBƏRLƏRİ