Yunanıstan mediası Türkiyə ilə potensial böhran vəziyyətində Afinanın nəzərdən keçirə biləcəyi iddia edilən hərbi ssenarini gündəmə gətirib.
Turkustan.az xəbər verir ki, “Ta Nea” qəzetinin məlumatına görə, ssenaridə “qabaqlayıcı zərbə” variantı və böhranın ilk 24 saatında həyata keçirilə biləcək mümkün hərbi əməliyyatlar ön plana çıxarılır.
Qəzetin yazdığına görə, Yunanıstanın hərbi planlamasında Türkiyənin hərbi hazırlıqlarının mümkün hücuma hazırlıq kimi qiymətləndirilməsi halında qabaqlayıcı zərbə variantının nəzərdən keçirilməsi ehtimal olunur.
“Ta Nea”nın məlumatında Yunanıstan Baş Qərargah rəisi Dimitrios Houpisin 2025-ci ilin dekabrında verdiyi açıqlamaya da diqqət çəkilib. Houpis həmin açıqlamasında Yunanıstanın “uzunmənzilli strateji qabaqlayıcı zərbələr” endirmək imkanından danışıb.
Qəzetin hesabatında hərbi analitiklərin və mənbələrin fikirlərinə əsaslanan hipotetik böhran ssenarisi də təsvir olunub. Ssenariyə görə, Egey dənizində dəniz yurisdiksiyası əraziləri və ya tədqiqat fəaliyyətləri ilə bağlı ciddi böhran yaranarsa, Türkiyənin hərbi qüvvələri səfərbər etməsi Afina tərəfindən mümkün hücuma hazırlıq kimi qiymətləndirilə bilər.
Aytən Yaşar/ Turkustan.az