Dərdinə dərman tapmayanlar: “Dərman zavodları açıldıqca…”


Son zamanlar vətəndaşlarımız tərəfindən dərmanların keyfiyyəti və qiyməti ilə bağlı redaksiyamıza şikayətlər daxil olur.

Onlar istifadə etdikləri dərmanların heç bir işə yaramadığını iddia edirlər. Eyni zamanda, dərmanların qiymətinin baha, keyfiyyətinin isə aşağı olması vətəndaşlar arasında narazılıqlara səbəb olur.

Onlar qeyd edirlər ki, dərdlərinə dərman tapmaq üçün ya xaricdən dərman sifariş etməyə məcbur olurlar, ya da qiymətləri 4-5 dəfə baha olan "Alman apteki"ndən alırlar.

Məsələ ilə bağlı farmokoloq-həkim Aydın Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, dərmanların keyfiyyəti onları gətirən insanlardan asılıdır:

"Dünyada dərmanların adı eyni olsa da, kimyəvi tərkibində keyfiyyətinə görə müəyyən fərqlər olur. Ölkəmizdə dərman zavodları açıldıqca, bu problemlər öz həllini tapacaq. Burada məsələ yalnız dərmanın keyfiyyət məsələsi deyil, həm də milyardlarımızın xaricə getməsidir. Ümid edirəm, dərman zavodları açılar və istehsal etdiyimiz dərmanlara özümüz cavabdeh olarıq".

Farmokoloq qeyd edib ki, bu məsələdə mühüm vəzifə həm də əhalinin üzərinə düşür:

"Məsuliyyətli olmaq lazımdır, dərman effekt vermədikdə, aptekə və müəyyən qurumlara müraciət etməliyik ki, bu dərman niyə keyfiyyətsizdir? Vətəndaşlar kömək etməsə, problemləri həll etmək olmur. “Elektron resept” sistemi artıq işə düşür və orada həkim, xəstə, diaqnoz və aptek haqqında bütün məlumatlar olur. Hansı xəstəlikdə hansı dərman istidadə olunursa, orada əks olunur. Aptek də artıq bu zaman xəstəyə keyfiyyətsiz dərman verə bilməz. Çünki “Elektron resept” sistemində dərmanın nə zaman istehsal olunduğu, haradan gətirildiyi qeyd olunur".


MANŞET XƏBƏRLƏRİ