27 sentyabrda İstanbulun Bağcılar rayonunda yerləşən İmam Zeynalabdin məscidində "Şəhriyar" adlı Azərbaycan kafesinin sahibi azərbaycanlı iş adamı Zahid Abdullayev və İstanbulda işləyən digər azərbaycanlı Mirorxan Bəşirovun təşkilatçılığı və maliyyə dəstəyi ilə Şəhidlərin anma mərasimi keçirildi və ruhlarına ehsan verildi.
Zahid Abdullayevin dediklərinə görə bu mərasim hər il burada təşkil olunur və İstanbulda yaşayan azərbaycanlılarla yanaşı türkiyəlilər də iştirak edirlər.
Yüzlərlə insanın qatıldığı bu günkü tədbirdə Şəhid yaxınları, müharibə iştirakçıları da iştirak edirdi. Öncə İstanbulda yaşayan Azərbaycanlılar çıxış etdilər, müharibənin Şəhid ailələrinin, qazilərin və bütünlükdə Azərbaycan xalqının qəlbində və ruhunda açdığı yaralardan, xalqımıza qarşı törədilən erməni vəhşiliklərindən bəhs etdilər, amma bütün bunlara baxmayaraq rəşadətli ordumuzun Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmələrinin qürurunu yaşadıqlarını ifadə etdilər.
Mən də bir Azərbaycan Türkü olaraq son vaxtlar müxtəlif sosial media seqmentlərində Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirəcək bütün yanlış informasiyalardan və təbliğatlardan uzaq olmağın, daha diqqətli və həssas davranmağın vacibliyini vurğuladım.
Bütün Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə və tarixin ən şanlı səhifələrində yaşayacaq. Onlar bir ovuc müqəddəs Vətən torpağına çevrilərək Vətən, Bayraq oldular, ruhları şad olsun!
Daha sonra müqəddəs Şəhidlərimizin ruhuna ehsan verildi. Allah qəbul eləsin!
Yaqut Misirxanlı
İstanbul



