Türkiyə Səudiyyə Ərəbistanını “Ənsarallah” Hərəkatının (husilər) hücumlarından özünü müdafiə etməsini dəstəkləməyə hazırdır, amma Yəməndə hücum əməliyyatlarında iştirak etmək niyyətində deyil.
Turkustan.az xəbər verir ki, bu barədə “Al-Monitor” Türkiyə rəsmilərinə istinadla məlumat yayıb.
“Məkkə sazişi müdafiə paktıdır”, - Türkiyə rəsmisi bildirib.
O vurğulayıb ki, Səudiyyə Ərəbistanının ərazisinin hücumlardan müdafiə olunması Yəməndəki vətəndaş müharibəsində birbaşa iştirakdan fərqlidir.
Diplomatik mənbənin məlumatına görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan xarici işlər nazirləri Nyu-Yorkda Məkkə sazişi çərçivəsində hərbi əməkdaşlığın institutsionallaşdırılmasına hazırlığı müzakirə ediblər. Birinci mərhələdə Ər-Riyadda Məkkə Müdafiə İttifaqının daimi katibliyinin və birgə hərbi qərargahının yaradılması nəzərdə tutulur.
Yaxın Şərq İnstitutunun eksperti Gönül Tolun sözlərinə görə, Ankara Səudiyyə Ərəbistanına hazırlıq, kəşfiyyat məlumatlarının mübadiləsi, texniki yardım sahələrində dəstəklə kifayətlənəcək, həmçinin hava hücumundan və dronlardan müdafiə sahəsində yardım göstərə bilər.
“Al-Monitor” qeyd edib ki, Türkiyənin husilərə qarşı hücum əməliyyatlarında birbaşa iştirakı Qırmızı dənizdə və Afrikada Ankaranın maraqları üçün risklər yarada bilər.
Əlavə amil Türkiyənin husiləri dəstəkləyən İranla münasibətləridir. Tol qeyd edib ki, Ankara Tehranla diplomatik-iqtisadi əlaqələri qoruyub saxlamaqda maraqlıdır və buna görə də, İranın dəstəklədiyi “Ənsarallah”la birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışacaq.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu sentyabrın 26-da Səudiyyə Ərəbistanına səfər edib. O, burada səudiyyəli həmkarı Fəyyad bin Hamid ər-Rüveyli və Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşüb. Danışıqlar husilərin krallıq ərazisinə hücumlarının intensivləşməsi fonunda baş tutub./teleqraf