Madyarın toxunulmazlığı ləğv edildi - Baş nazir cinayət işi ilə üz-üzə


Macarıstan parlamenti baş nazir Peter Madyarın deputat toxunulmazlığının ləğvinə səs verib.

Turkustan.az xəbər verir ki, parlamentin spikeri Aqneş Forsthofferin sözlərinə görə, qərarın lehinə 139 deputat səs verib, əleyhinə və bitərəf səs olmayıb.

Beləliklə, Madyarın mobil telefon oğurlamaqda ittihamı üzrə cinayət işi başlana bilər. Baş nazir özü də toxunulmazlığının ləğv edilməsini istəyib və istintaqla əməkdaşlığa hazır olduğunu bildirib.

İttihama səbəb 2024-cü ilin iyununda baş verən hadisədir. Madyar gecə klubunda onu videoya çəkən şəxsin mobil telefonunu götürərək Dunay çayına atıb. Polis müdaxiləsindən sonra 100 min forintdən (təxminən 260 manat) baha qiymətləndirilən telefon sahibinə qaytarılıb. Madyar isə hadisənin ona qarşı təxribat olduğunu iddia edib.

Qərarı Madyarın rəhbərlik etdiyi “Tisa” partiyasının və “Bizim Vətənimiz” partiyasının deputatları dəstəkləyib. Müxalif “Fides - Macarıstan Vətəndaş Birliyi” və xristian-demokratlar səsverməni boykot ediblər.

Bu, Macarıstan tarixində fəaliyyətdə olan baş nazirin cinayət işi üzrə deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı ilk haldır./publika.az


MANŞET XƏBƏRLƏRİ