Netanyahu seçkilərin oğurlandığını iddia etdi


İsraildə ərəb partiyalarının rekord sayda mandat qazanaraq 120 yerlik parlamentdə 19 yer əldə etməsi və ifrat sağçı Netanyahunun rəhbərlik etdiyi blokun hökumət qurmaq üçün tələb olunan 61 mandatı toplaya bilməməsi siyasi gərginliyi artırıb.

Turkustan.az xəbər verir ki, Netanyahunun ifrat sağçı müttəfiqləri İtamar Ben-Gvir və Betsalel Smotrich ərəb partiyalarının liderlərinin həbs olunmasına çağırıblar.

İsrailin Baş naziri Binyamin Netanyahu da seçkilərin “ərəb partiyaları tərəfindən oğurlandığını” iddia edib. O, Qətər vəsaitlərinin seçicilərə rüşvət vermək və onların ərəb partiyalarına dəstəyini təmin etmək üçün istifadə olunduğunu irəli sürüb. Netanyahu Qadi Eisenkotun rəhbərlik etdiyi müxalifət blokunu ərəb partiyaları ilə əməkdaşlıq etməməyə çağırıb, eyni zamanda polisi həbslər həyata keçirməyə səsləyib.

Oktyabrın 27-də keçirilən İsrail parlament seçkilərində Yusif Caberinin rəhbərlik etdiyi və İsrail vətəndaşlarını təmsil edən Birgə Siyahı ilə Mənsur Abbasın rəhbərlik etdiyi Birləşmiş Ərəb Siyahısı (Raam Partiyası) ümumilikdə 19 mandat qazanaraq Knessetdə mühüm mövqe əldə ediblər.

Ərəb partiyalarının qazandığı mandatlar hökumətin formalaşdırılmasını çətinləşdirib. Belə ki, Netanyahunun 53 mandatlı hakim bloku da, Qadi Eisenkotun rəhbərlik etdiyi 48 mandatlı müxalifət bloku da təkbaşına hökumət qurmaq üçün kifayət qədər yerə sahib deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ