Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümüdür.
Modern.azTürkiyə Cümhuriyyətinin ilk onilliklərində Azərbaycan əsilli şəxslərin dövlət idarəçiliyində və siyasi həyatda iştirakını araşdırıb.
1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin elan edilməsi ilə yeni dövlətin siyasi və inzibati institutlarının formalaşması sürətlənib. Bu prosesdə Osmanlı dövründən gələn təcrübəyə malik ziyalılar, Milli Mücadiləyə qoşulan siyasətçilər və müxtəlif sahələrdə çalışan mütəxəssislər iştirak ediblər. Həmin şəxslər arasında Azərbaycanlılar da olub. Bu insanların arasında Qarabağda və Bakıda doğulan, sonradan Türkiyənin siyasi həyatında mühüm mövqelərə yüksələn insanlar var.
Əhməd bəy Ağaoğlu – Atatürkün etimad göstərdiyi azərbaycanlı ziyalı
1869-cu ilin dekabrında Şuşada anadan olan Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin siyasi, mətbu və elmi həyatında mühüm vəzifələr tutmuş azərbaycanlı ziyalılardan biri olub. Hüquq təhsili almış, publisist və siyasi xadim kimi tanınmış Ağaoğlu Osmanlı dövründən başlayaraq Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak edib.
Türkiyəyə köçdükdən sonra Osmanlı imperiyasının Maarif Nazirliyində ibtidai təhsil müfəttişi işləyib, İstanbulda müxtəlif mətbuat orqanlarının baş redaktoru olub. 1915-ci ildə Afyonkarahisardan Osmanlı parlamentinə deputat seçilib. Birinci Dünya müharibəsindən sonra Maltaya sürgün edilsə də, azadlığa buraxıldıqdan sonra Türkiyəyə qayıdaraq Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi milli mübarizəyə qoşulub.
1921-ci ildə Ankara hökumətində Mətbuat və İstihbarat Ümumi Müdirliyinin rəhbəri vəzifəsinə təyin edilən Əhməd bəy Ağaoğlu Türkiyənin İstiqlal müharibəsi dövründə informasiya və təbliğat fəaliyyətində iştirak edib. 1923-cü ildə ölkənin əsas mətbuat orqanlarından olan “Hakimiyyət-i Milliyə” qəzetinə rəhbərlik edib. 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinə Qarsdan deputat seçilib, sonrakı parlament dövründə də bu təmsilçiliyini davam etdirib.

1925-ci ildə Ankara Hüquq Məktəbində professor kimi fəaliyyətə başlayan Ə.Ağaoğlu hüquq və konstitusiya sahəsində dərs deyib. Həmin il Anadolu Agentliyinin ilk idarə heyətinin sədri seçilib və 1928-ci ilə qədər bu vəzifədə çalışıb. 1930-cu ildə Atatürkün təşəbbüsü ilə yaradılan müxalif Sərbəst Cümhuriyyət Firqəsinin rəhbər heyətində yer alıb. Partiya fəaliyyətini dayandırdıqdan sonra dövlət vəzifələrindən uzaqlaşaraq jurnalistika və elmi fəaliyyətini davam etdirib.
Əhməd bəy Ağaoğlu 1939-cu il mayın 19-da İstanbulda vəfat edib. Onun fəaliyyəti Azərbaycan mənşəli ziyalıların Türkiyədə yalnız mətbuat və təhsil sahələrində deyil, dövlət idarəçiliyi, parlament və siyasi təşkilatlanma müstəvilərində də mühüm rol oynadığını göstərir.
Səməd bəy Rəfibəyli – Atatürkün ordusunda general rütbəsinə yüksələn azərbaycanlı
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə mühacirət edən azərbaycanlı zabitlərdən biri də Səməd bəy Rəfibəyli olub. O, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan İstiqlal müharibəsində iştirak edib, sonradan Türkiyə ordusunda xidmətini davam etdirərək general-mayor rütbəsinə qədər yüksəlib.
1892-ci ildə Gəncədə anadan olan Səməd bəy Rəfibəyli Tiflis kadet korpusunu bitirdikdən sonra hərbi xidmətə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Orduda xidmət edən zabit 1920-ci ilin mayında Gəncə üsyanında bolşevik qüvvələrinə qarşı döyüşüb. Üsyanın yatırılmasından sonra Türkiyəyə keçərək hərbi fəaliyyətini qardaş ölkədə davam etdirib.
Türkiyə ordusunda Əbdülsəməd Sayqın adı ilə tanınan Səməd bəy müxtəlif hərbi vəzifələrdə çalışıb. 1940-cı ildə 3-cü Ordunun kəşfiyyat şöbəsinin rəisi təyin edilib, 1942-ci ildə 45-ci süvari alayına komandirlik edib. 1948-ci il avqustun 28-də 2-ci süvari briqadasının komandiri vəzifəsinə irəli çəkilib, həmin il avqustun 30-da isə general-mayor rütbəsi alıb. O, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının İnspeksiya qrupunda da xidmət edib və 1952-ci ildə ehtiyata buraxılıb.
Səməd bəy Rəfibəyli Türkiyənin “Hərb” və “İstiqlal” medalları ilə təltif olunub. O, 1980-ci il yanvarın 19-da İstanbulda, 88 yaşında vəfat edib.
Atasının yolunu davam etdirən Səməd Ağaoğlu
Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlu Türkiyənin siyasi tarixində yüksək dövlət vəzifələrinə yüksəlmiş Azərbaycan əsilli şəxslərdən biridir. 1909-cu ildə Bakıda anadan olan Səməd Ağaoğlu Ankara Hüquq Məktəbini bitirib, daha sonra iqtisadiyyat üzrə təhsilini davam etdirib. Türkiyənin dövlət qurumlarında çalışdıqdan sonra Demokrat Partiyanın yaradıcıları və aparıcı simaları arasında yer alıb. 1950-ci il seçkilərində Manisadan deputat seçilən Səməd Ağaoğlu Adnan Menderes hökumətində müxtəlif vəzifələr tutub. O, dövlət naziri, əmək naziri, müəssisələr naziri və sənaye naziri kimi çalışıb. 1950–1954-cü illərdə baş nazirin müavini vəzifəsini də icra edib. Səməd Ağaoğlunun siyasi karyerası 1960-cı il hərbi çevrilişindən sonra başa çatıb. O, Yassıada məhkəmələrində mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum edilib, 1964-cü ildə əfv olunub. 1982-ci ildə İstanbulda vəfat edib.
Türkiyə parlamentində təmsil olunan azərbaycanlı qadın: Tezer Taşkıran
Əhməd bəy Ağaoğlunun ailəsində siyasi və ictimai fəaliyyətlə seçilən başqa bir şəxs qızı Tezer Taşkırandır. Azərbaycan əsilli pedaqoq, filosof və siyasətçi Türkiyədə təhsil sahəsində çalışıb, məktəb rəhbərliyi vəzifələrini icra edib. O, sonradan Türkiyə Böyük Millət Məclisinə deputat seçilərək qanunvericilik fəaliyyətində iştirak edib. Tezer Taşkıran 1943-cü ildə Kastamonudan, 1946-cı ildə isə Qarsdan deputat seçilib. 1950-ci il seçkilərindən sonra da parlamentdə təmsil olunub.

Onun fəaliyyəti Azərbaycan əsilli şəxslərin Türkiyədə yalnız siyasi və inzibati rəhbərlikdə deyil, təhsil sistemində və qanunvericilik orqanında da yer aldığını göstərir. Tezer Taşkıranın siyasi fəaliyyəti ailəsinin digər üzvlərindən fərqlənib. O, Cümhuriyyət Xalq Partiyasından deputat seçilib, qardaşı Səməd Ağaoğlu isə Demokrat Partiyanın aparıcı simalarından olub.
Sürəyya Ağaoğlu: dövlət vəzifəsi deyil, hüquq tarixində ilk

Əhməd bəy Ağaoğlunun digər qızı Sürəyya Ağaoğlu Türkiyənin hüquq tarixində xüsusi yer tutur. O, ölkənin ilk qadın vəkili kimi tanınır və qadınların hüquq sahəsində iştirakının genişlənməsinə töhfə verib. Sürəyya Ağaoğlu dövlətin icra hakimiyyətində yüksək vəzifə tutmasa da, hüquqşünas və ictimai xadim kimi Türkiyənin ictimai həyatında mühüm rol oynayıb.