14 manat artım sosial ehtiyacımızı qarşılayacaq?


2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının həddinin artırılması nəzərdə tutulur.

Məhz "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, ölkə üzrə yaşayış minimumu 314 manat müəyyən ediləcək. Bu, 2026-cı illə müqayisədə 14 manat və ya təxminən 4,7 faiz artım deməkdir.

Bildirək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat müəyyən edilib. Əmək qabiliyyətli əhali üçün bu məbləğ 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manatdır. Beləliklə, büdcə layihəsində nəzərdə tutulan dəyişikliklərə əsasən, 2027-ci ildə yaşayış minimumu ölkə üzrə 14 manat, əmək qabiliyyətli əhali üçün 17 manat, pensiyaçılar üçün 13 manat, uşaqlar üçün isə 14 manat artırılacaq.

Qeyd edək ki, mövcud yaşayış minimumu əhalinin maddi təminatı üçün yetərli deyil.

Yeni ildən müəyyən edilən artım vətəndaşların dolanışığı üçün kifayət edəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, 2027-ci ildə yaşayış minimumunun 300 manatdan 314 manata çatdırılması müsbət addım olsa da, bu artım əhalinin real sosial ehtiyaclarını qarşılamaq baxımından yetərli görünmür:

“Əsas məsələ yaşayış minimumunun artımının vətəndaşın real alıcılıq qabiliyyətinə nə dərəcədə təsir göstərməsidir. Bildirim ki, yaşayış minimumunun artımını inflyasiya səviyyəsi ilə müqayisə etmək vacibdir.

Azərbaycan Mərkəzi Bankın verdiyi məlumata əsasən, illik inflyasiyanın 2026-cı ilin sonuna təxminən 6,1 % səviyyəsində olacağı proqnozlaşdırılır (may ayındakı açıqlamalarda bu rəqəm 5,9 % kimi qeyd olunmuşdu).

Buradan belə görünür ki, yaşayış minimumu inflyasiya səviyyəsinə uyğun olaraq ən azı 6 %, yəni 18 manat artırılmalıdır. Ərzaq, kommunal xidmətlər, dərman və digər gündəlik tələbat mallarının qiymətlərini nəzərə alsaq, 14 manatlıq artım ailə büdcəsində ciddi dəyişiklik yaratmayacaq.

Xüsusilə aztəminatlı ailələr, pensiyaçılar və uşaqlı ailələr üçün bu məbləğin təsiri məhdud olacaq”.

Onun sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, yaşayış minimumunun artım tempi əhalinin faktiki xərclərinin artım tempinə uyğun olmalıdır:

“Əgər qiymətlər yaşayış minimumundan daha sürətlə artırsa, nominal artım olsa da, vətəndaşın real rifahı yaxşılaşmır. Başqa sözlə, rəqəmlərdəki artım insanların gündəlik həyatında eyni dərəcədə hiss olunmayacaq.

Ehtiyac meyarının 314 manata çatdırılması ünvanlı sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi baxımından müəyyən dərəcədə əhəmiyyətlidir.
Lakin burada da əsas məsələ yalnız meyarın artırılması deyil, sosial yardımın real ehtiyaca uyğunluğu və aztəminatlı ailələrin əhatə dairəsinin genişləndirilməsidir. Mənim qənaətim budur ki, sosial siyasətin əsas hədəfi yaşayış minimumunu formal olaraq artırmaq deyil, insanların minimum yaşayış səviyyəsini real şəkildə təmin etmək olmalıdır.

Bunun üçün qiymət artımları nəzərə alınmalı, pensiya və sosial müavinətlərin alıcılıq qabiliyyəti qorunmalı, əməkhaqları ilə yaşayış xərcləri arasındakı fərq azaldılmalıdır. Nəticə etibarilə, nəzərdə tutulan 4,7 faizlik artım müəyyən sosial dəstək yaratsa da, əhalinin dolanışığını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün kifayət etməyəcək”.


MANŞET XƏBƏRLƏRİ