Ukraynanın Dnepr şəhərindəki əsas dəmir yolu stansiyasına Rusiyanın dron hücumu nəticəsində 13 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Rusiya ordusunun Ukraynaya hücumları davam edir. Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya dron vasitəsilə şəhərətrafı qatarın və planlaşdırılmış sərnişin qatarının dayandığı platformanı hədəfə alıb.
“Ruslar dron vasitəsilə şəhərətrafı və planlaşdırılmış sərnişin qatarının dayandığı platformaya hücum ediblər. Təəssüf ki, indiyədək 13 nəfər həlak olub. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Daha 10 nəfər yaralanıb. Hadisə yerində bütün zəruri təcili yardım xidmətləri fəaliyyət göstərir”, – deyə, Zelenski bildirib.
Ukrayna Prezidenti ABŞ-ın Rusiyaya qarşı bəzi sanksiyaları ləğv etməsinə də münasibət bildirib. O, sanksiyaların yumşaldılmasından sonra Rusiyanın Ukraynaya hücumlarını davam etdirməsini tənqid edib.
“Bəzi rusiyalı oliqarxlara və Rusiyanın enerji sektoruna qarşı sanksiyalar ləğv edildikdən sonra Rusiya gərginliyi azaltmaq əvəzinə xalqımıza qarşı nə qədər terror hücumu həyata keçirib? Məhz buna görə də Ukrayna həmişə Rusiyanın gərginliyi artırmasına cavab olaraq ABŞ və Avropanın ədalətli və qətiyyətli addımlar atmasının vacibliyini vurğulayıb”, – deyə Zelenski qeyd edib.

Aytən Yaşar/Turkustan.az