Plastik su qabını boşaldıqdan sonra onu yenidən doldurub istifadə etmək bir çox insanın gündəlik vərdişinə çevrilib.
Xüsusilə işdə, idman zalında və ya səyahət zamanı eyni butulkadan günlərlə istifadə edənlər az deyil.
Bəs bu, sağlamlıq üçün təhlükəlidirmi?
“Cebheinfo.az”-ın araşdırmasına görə, risk təkcə plastikin tərkibi ilə bağlı deyil, həm də gigiyena qaydalarının pozulması ilə əlaqədardır.
Birdəfəlik istifadə üçün istehsal olunan plastik su qablarının əksəriyyəti PET (Polietilen tereftalat) materialından hazırlanır.
Bu qablar qısamüddətli istifadə üçün nəzərdə tutulduğundan, dəfələrlə istifadə zamanı səthində xırda cızıqlar əmələ gəlir. Həmin cızıqlarda bakteriyalar daha rahat çoxala bilir və qabın tam təmizlənməsi çətinləşir.
Xüsusilə isti havalarda və ya butulka günəş altında qaldıqda vəziyyət daha da riskli ola bilər. İstilik bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.
Əgər istifadəçi suyu içdikdən sonra butulkanı yuyub qurutmadan yenidən doldurursa, ağız boşluğundan keçən mikroorqanizmlər qısa müddətdə çoxala bilər.
Mütəxəssislər uzun illər plastikin tərkibindən zərərli maddələrin suya keçməsi məsələsini də araşdırırlar. PET qabların normal istifadə şəraitində ciddi kimyəvi risk yaratdığına dair qəti sübutlar olmasa da, yüksək temperatur, uzun müddət günəş şüası altında qalma və qabın deformasiyaya uğraması bu riski artıra bilər.Buna görə də avtomobildə saatlarla qalan plastik su qabındakı suyun içilməsi tövsiyə edilmir.
Ən çox rast gəlinən səhvlərdən biri də birdəfəlik su qabına müxtəlif içkilərin doldurulmasıdır. Şirələr, qazlı içkilər və ya şəkərli mayelər bakteriyaların çoxalması üçün daha əlverişli mühit yaradır. Bu halda butulkanın gigiyenik vəziyyətini qorumaq daha da çətinləşir.
Həkimlər bildirirlər ki, sağlam insanlar üçün qısa müddət eyni butulkanı istifadə etmək böyük təhlükə yaratmasa da, immun sistemi zəif olan şəxslər, uşaqlar və yaşlılar gigiyena məsələsinə daha diqqətlə yanaşmalıdırlar.
Bəs təhlükəsiz seçim nədir?
Mütəxəssislər gündəlik istifadə üçün təkrar istifadə məqsədilə istehsal olunmuş paslanmayan poladdan və ya BPA-sız, (Bisfenol A - qida və içkilərə nüfuz edə bilən sənaye kimyəvi maddə) qalın plastikdən hazırlanan su qablarına üstünlük verilməsini məsləhət görürlər.Belə qablar müntəzəm yuyulduqda həm daha uzunömürlü olur, həm də gigiyenik baxımdan daha təhlükəsiz sayılır.
Birdəfəlik plastik su qabından istifadə edilirsə, onu uzun müddət saxlamaq, günəş altında qoymaq, deformasiyaya uğramış və ya çatlamış halda istifadə etmək düzgün deyil. Qabda rəng dəyişikliyi, qoxu və ya zədələnmə müşahidə olunarsa, onu yenisi ilə əvəz etmək lazımdır.