Broyler toyuqları həqiqətən zərərlidirmi? - Ekspertdən iddialara cavab


Son zamanlar xüsusən də sosial şəbəkələrdə broyler toyuqları ilə bağlı müxtəlif iddialar yayılır. Belə ki, bir çoxları broyler toyuqlarının insan sağlamlığı üçün təhlükəli olduğunu, onların hormon və digər zərərli maddələrlə yetişdirildiyini iddia edirlər. Bunun nəticəsində insanlar arasında narahatlıq yaranır və broyler məhsullarına qarşı inamsızlıq formalaşır.

Bəs broyler toyuqları nə qədər zərərlidir?Broylerlərin sürətli böyüməsi onların hormonlarla yetişdirilməsi deməkdirmi?

Turkustan.az bildirir ki, qida məsələləri üzrə ekspert Ağa Salamov iddialara bu cür rəy bildirib:

“Unutmaq olmaz ki, broyler Azərbaycanda yeni məhsul deyil. Hələ Sovet dövründə ölkəmizdə "Siyəzən broyler", "Xırdalan broyler" və digər iri quşçuluq müəssisələri fəaliyyət göstərirdi. Həmin dövrdə də milyonlarla insan broyler toyuğu istehlak edirdi. Əgər broyler məhsullarının özü sağlamlıq üçün zərərli olsaydı, dövlət bu sahəyə böyük investisiyalar yatırmaz, onu əhalinin əsas zülal mənbələrindən birinə çevirməzdi.
Broyler, sadəcə olaraq, qısa müddətdə ətlik istiqamətdə inkişaf etməsi üçün uzun illər aparılan seleksiya nəticəsində yetişdirilmiş toyuq cinsidir. Bu, elmi-genetik seçmə prosesinin nəticəsidir və heç də onun "kimyəvi məhsul" olması anlamına gəlmir”.

Mütəxəssisin sözlərinə görə, burada əsas məsələ broylerin adı deyil, onun hansı şəraitdə yetişdirilməsi, hansı yemlə bəslənməsi, baytarlıq nəzarətinin səviyyəsi, kəsim və saxlanma qaydalarına necə əməl olunmasıdır:
“Qida təhlükəsizliyi məhz bu amillərlə müəyyən edilir. Elmi sübut və faktlar olmadan "broyler zəhərlidir", "hamısı hormonludur" və ya buna bənzər iddiaların səsləndirilməsi insanları yanlış məlumatlandırmaqdan başqa bir məqsədə xidmət etmir. Qida məhsulları ilə bağlı müzakirələr emosiyalara, şayiələrə və sosial şəbəkələrdə yayılan əsassız fikirlərə deyil, elmi araşdırmalara və təsdiqlənmiş faktlara söykənməlidir”./Musavat.com


MANŞET XƏBƏRLƏRİ