Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, 40% ixracımız bu ölkələrin payına düşür. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. 10 Aİ üzvü olan ölkəyə Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunur. Yaşıl enerjinin ixracı üzrə də Aİ ilə ölkəmiz arasında anlaşma mövcuddur və bir neçə layihə üzərində hazırda çalışılır ki, Türkiyə və Gürcüstan tranziti vasitəsilə elektrik enerjisi Avropa bazarlarına çatdırıla biləcək.
Azərbaycan qazının Avropa bazarına ixracının artması, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti və enerji təhlükəsizliyinə verilən töhfələr əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilmişdir.
Azərbaycan ilə yalnız enerji sahəsində deyil, nəqliyyat-logistika, yaşıl enerji, rəqəmsal transformasiya və regional bağlantılar istiqamətində əməkdaşlıq etmək Avropa İttifaqına maraqlıdır. Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur. Buna görə də, Aİ, məhz, Azərbaycanı Cənubi Qafqazda strateji əhəmiyyətli tərəfdaş sayır.
Avropa İttifaqı yeni Tərəfdaşlıq Prioritetlərinin qəbuluna, yeni saziş üzrə danışıqların davam etdirilməsinə, enerji və nəqliyyat sahələrində dialoqun dərinləşdirilməsinə, eləcə də insanlar arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu bəyan etmişdir. Bununla yanaşı, minalardan təmizləmə, yaşıl nəqliyyat, su ehtiyatlarının idarə olunması və rəqəmsallaşma sahələrini dəstəkləmək məqsədilə 13,5 milyon avro həcmində maliyyə paketi ayrılmışdır
Yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlar əhəmiyyətli irəliləyiş əldə etmiş, onların 2026-cı ildə yekunlaşdırılması və ilin sonlarında Azərbaycan–Aİ Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir.
Bütün bunlarla yanaşı, Azərbaycan hər zaman Aİ ilə öz milli maraqlarına, qarşılıqlı fayda, hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əməkdaşlıq münasibətləri qurur.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva