Nizami Məmmədov Tağısoy
professor
2026-cı ilin may ayında nəinki qazax və bütün türk, həm də dünya, mədəniyyətinin flaqmanı bənzərsiz eposşünas, folklorşünas, mətnşünas, şair, türkoloq, etnoqraf Oljas Ömər ulı Süleymenovun 90 yaşı tamam oldu. Bu münasibətlə biz böyük təfəkkür sahibinin yaradıcılığına verilən dəyərlə bağlı oxucularla bölüşmək istəyirik.
Oljas Süleymenov yaradıcılığı daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Şairin ədəbi-poetik irsinin elmi baxımdan öyrənilməsinə XX əsrin 70-ci illərindən başlanılmışdır. Alim və tədqiqatçılar tərəfindən onun əsərlərinin dil-üslub və ideya-obrazlı xüsusiyyətləri, bədii manerasının özəlliyi və s. bağlı araşdırmalar aparılmışdır. Eyni zamanda əsərlərinin ritm, qafiyə və ölçü baxımdan araşdırılmasına K.S.Buzaubaqarovanın, poetik dilinin özəlliklərini öyrənən N.M.Bayqaninanın, əsərlərindəki vahid üslub komplekslərinin, yaradıcılıq kontekstinin öyrənilməsinə S.Dikanbayeva kimi müəlliflərin dissertasiyaları həsr olunmuşdur.
Bundan başqa X.X.Mahmudovun “Nəzəri üslubiyyatın bəzi məsələləri, yenə də onun “Oljas Süleymenov şair və filoloq”, K.S.Buzaubaqarovanın “Oljas Süleymenov şeiri”, S.Dikanbayevin “Üslubi kompleks” və başqalarının elmi-tədqiqat əsərləri Süleymenovun yaradıcılığının işıqlandırılmasında böyük rol oynamışdır.
Tədqiqatçılar O.Süleymenovun üslub manerası və obraz xüsusiyyətlərini, çoxcəhətli və birmənalı qarşılanmayan poetik yanaşma və ifadələrini, yaradıcılığında yer almış dualist dünyagörüşünü, düşüncəsinin etnik çöllük köklərini əsasən bir necə mərhələlərdə formalaşdığını nəzərdən keçirirlər. Burada biz bu mərhələlərin təsnifinə toxunmadan müəllifin yaradıcılığının bəzi məqamları üzərində dayanmağı zəruri hesab etmişik.
Oljas Süleymenovun yaradıcılıq və təsəvvüründə Şair olmaq heç də peşəkarlıq məşğuliyyəti yox, həm də mənəvi borc olmuşdur. Onun baxışlarında Şair xüsusi və qeyri-ordinar bir şəxsiyyətdir və o, az qala ölməyəcək və ölümə məhkum olmayacaq ilahi bir varlıqdır. Bundan başqa Süleymenovun Şairi sözün mifoloji və magik gücünə inanır. O, nəyisə yaratmağı bacarmaqla, özündə müdrikliyi birləşdirməkdədir. Odur ki, sənətkar “Yermakın abidəsi önündə çıxış” şeirində aşağıdakıları heç də təsadüfən demirdi:
İndi yaxşı ənənə var
Dahilərin önündə yığışmaq
Yandan keçənlərin simasını
Haqq sözünü simasında yaratmaq.
Şairlərin obrazlarını yaratmaq üçün nümunə olan A.S.Puşkin, M.L.Lermontov, M.Ütəmisov, N.Hikmət və başqa bu kimi lirik personajların mahiyyətinə nəzər salarkən Süleymenov Şairin faicəvi şəxsiyyət olduğunu bir daha sübut etməyə çalışır. O, əsərlərində əsil Şairi “xəstə” qafiyəbazlarla, mənəviyyatdan kənar “şairlər”lə müqayisə edir. Bunlara nümunə olaraq biz “Kaktus”da Aman və Yappası, “Ölümsüz qarışqa”da Nekrofili və Biofil”i, “Gil kitab”da Koteni və b. göstərə bilərik. Süleymenovun düşüncəsində əsil Şair ətraf aləmi sözlə dəyişməyi və əsil tarixi yenidən yarada bilənlərdir.
Biz O.Süleymenovun qazax milli ənənələrinə bütün yaradıcılığı boyu sadıq qalmasını da burada diqqətdən kənarda qoya bilmirik. Burada belə fikrin həm də digər çoxsaylı təfəkkür sahibləri tərəfindən təqdir oldunduğunu bir daha yada salmaq istəyirik. M.Auezov, M.Tursunzadə, R.Həmzətov, Q.Müsrepov, Ç.Aytmatov, B.Slutski, E.Mejelaytis, K.Simonov, S.Samoylov, Q.Quliyev, onun rus poeziyasında həmyaşıdları A.Voznesenski, R.Rojdestvenski, Y.Yevtuşenko, taçik şairi M.Qənaət, Azərbaycan şairləri B.Vahabzadə, M.Araz və başqaları sənətkarın etnik-milli məfkurəyə bütün vücudu ilə bağlı olduğunu qeyd etmişlər.
Adlarını çəktdiyimiz şair və yazıçılarla yanaşı, tanınmış ədəbiyyatşünas və tənqidçilər qazax adət-ənənələrinə bağlılığı ilə bərabər, həm də Süleymenovun əsərlərində və fəlsəfi yanaşmalarında qazax və rus ədəbi-bədii düşüncəsinin sintezini gördüklərini etiraf etməkdədirlər. Məsələn, rus tənqidçisi Leonid Martınov O.Süleymenovun əsərlərini rus dilində yaratmaqla, onu bütövlüklə qazax şairi kimi nəzərdən keçirdiyi halda, B.Slutski “Bizim poeziyada “rusun”, “Asiya”nın heç zaman belə tam şəkildə danışa bilmədiyini” dilə gətirmişdi.
Lev Anninski isə “Ehtiraslar həlqəsində” adlı məqaləsində yazırdı: “Oljas Süleymenov (rus dilində yazmasına baxmayaraq) şairin milli qiyafəsi yetərincə nəzərə çarpandır. O, hər cəhətinə və hər şeyinə görə qazaxdır: çöllük peyzajına bürünmüş metaforlarda ən yüksək düşüncələrə daldığı başlıca fikri belə, onun bütün hallarda Asiyanın gələcəkdə dünya əməkdaşlığına nə verəcəyi haqqında düşünməsidir”.
D.Moldavski adlı tənqidçi özünün “Çöllük, şeirlər və zaman” adlı O.Süleymenovun yaradılığının qazax folklor mətnələri ilə bağlılığı sahəsində axtarışlar aparmaqla qeyd edirdi ki, o, xalq yaradıcılığını daha geniş başa düşür. Onun şeir və poemalarına qazax eposunun, toy nəğmələrinin, oynaq qafiyələrin sanki ritmi dolur. O, sanki ünudulmuş, yaxud aradan çıxıb mərasimlərlə bağlı fikirlər irəli sürüb, onu alleqoriyaya çevirir və bununla da onların müasirliyə yolunu açıb, oxuculara yeni qiyafədə təqdim etməyi bacarırdı.
Yeri gəlmişkən qeyd edək ki, bu tipli fikirlərə biz M.Auezovun “Nəsillərim, döyüşdə tərəfimdə dayanın” məqaləsində O.Süleymenovun poeziyasının milli özünəməxsusluğu üzərində daha çox dayandığını da əlavə edə bilərik. O, Oljas Süleymenovun yaradıcılığında özünü nümayiş etdirən bu tipli keyfiyyətlərin təsdiqini sübut edən amillərin xeyli əlamətlərini incələyərək həm də bildirirdi ki, onun poeziyasında köçərinin öz spesifik dünya qavrayışı ilə yenidən doğulması daim hərəkətə, fəaliyyətə can atması ilə bağlıdır... Onun hərəkəti öz çıxış nöqtəsinə malik olub, bütün tərəflərə istiqamətlənməklə nəinki xətti, həm də dairəvi olmaqla inkişaf edə bilər. Çünki köçərini düz dairəvi çüllük əhatə edir. Yurtanın özünün orta mili düz olmaqla ufuqi bünövrəsindən tutmuş ortadakı çıxıntısına qədər dünyayla bağlı təsəvvürlər yaradır. O.Süleymenovun özündə “Dünya dairə kimi qucaqdır” – ifadəsi vardır.
O.Süleymenovun 1969-cı ildə nəşr olunmuş “Gil kitab” məcmuəsi maraqlı və böyük ədəbi hadisə kimi qəbul edilməklə, həm də yazıçının yaradıcılıq bioqrafiyasının ən mühüm həlqələrindən hesab edilməkdədir. Bu nəşr özü-özlüyündə eksperimental poemaları birləşdirməklə, həm də O.Süleymenov poetikasında yeni nəfəs, yeni naxış kimi görünürdü. “Gil kitab”da nə tarixi, nə də hər hansı hadisəylə bağlı işarə belə olmasa da, orada ekzotik düşüncə yer alır və məhz bu cəhət də əsəri əyləncəli tarixi ədəbi nümunəyə yaxınlaşdırırdı. Belə müstəvidə O.Süleymenovun yaradıcılıq yolu 70-80-ci iillərin böyük şairləri Andrey Voznesenki və Bella Axmadulina, latış şairi İmant Ziedonis, ukraynalı İvan Draç və Vadim Korotiç, tacik Mömin Qənaət və azərbaycanlı M.Araz yaradıcılığı ilə həmahənglik təşkil edir. O.Süleymenovun “Gil kitab” əsərinə ayrıca tədqiqatişi həsr etmiş S.N.Maşkova hesab edir ki, şairin nəzərdən keçirilən poemasından novatorluğun janr məntiqi onun əvvəl, erkən dövr əsərləri, xüsusən “Yer, insana əyil” ilə tutuşdurub-qarşılaşdırdıqda daha çox müəyyənləşir”.
Oljas Süleymenov əsərlərində biz müəllifin qazax xalqının milli və sosial özünəməsxusluğunun bütün mahiyyəti onun tərəfindən inamla təqdim edilən psixoloji xüsusiyyətlərinin yazıçının özünün müəllif üslubunun qeyri-adiliyi ilə təqdimatında görürük.
O.Süleymenovun poeziyasında milli kolorit özünü şəkildə ona görə yetərincə parlaq nümayiş etdirir ki, məhz poeziyada onun spesifik xüsusiyyətlərinin konsentrasiyası ortaya çıxa bilir. Şeirlərində təcəssümünü tapan fikirlər daha çox emosionallıqla ifadə olunmaqla bədii ifadəlilik imkanları ritm, strofika və qafiyənin köməyi ilə təcəssüm olunur. Bununla belə, bu da qeyd edilməlidir ki, müəllif qazax milli stixiyasında özünü yetərincə sərbəst hiss etdiyi zaman onun şeir və poemalarının digər dillərə, o cümlədən Azərbaycan dilinə də çevrilməsi yetərincə çətinliklər yaradır.
O.Süleymenovun yaradıcılıq manerasından bəhs edərkən ilk növbədə onun milli yaradıcılıq spesifikasının mühüm əlaməti kimi çıxış edən müəllifin sözyaradıcılığının qeyri-adiliyini qeyd etməyə ehtiyac duyulur. Çünki O.Süleymenov yeni söz və söz birləşmələri yaratdığı zaman o, nəinki dildəki semantik imkanlardan, morfoloji və leksik normalardan yararlanır, həm də eyni zamanda qazax xalqının milli həyat ukladını əks etdirən obrazlardan gen-bol istifadə edir.
Təsadüfi deyildir ki, prof. R.Abazov özünün “Yaşıl səhra: Oljas Süleymenovun həyatı və poeziyası” adlı kitabında bu şairin Avrasiya və dünya məkanında yerini müəyyənləşdirərkən daha çox bu “yazıçı – intellektualın” diqqətini milli, regional və dünya mədəniyyəti üzərində cəmləşdirməklə onu “dahi yazıçı kimi ən incə detalları qeyd etməyi bacaran mükəmməl və səciyyəvi olan lokal yazı üslubuna malik olub, onun yaradıcılıq üslubunu amerikalı yazıçı E.Heminqueylə müqayisə edir. O.Süleymenov da Heminquey kimi “dünyanı çox gəzib dolaşmışdır. O.Süleymenov da Heminquey kimi daim cəmiyyətin və insanın humanist naturasına və onun dünyanı dəyişmək imkanına malik olduğunu qeyd etmişdir.
Beləliklə, biz O.Süleymenovun yaradıcılığına çeşidli yanaşmalar müstəvisində nəzər saldıqda görürük ki, sənətkarın əsərləri müxtəlif yönlərdən, fərqli tədqiqatçılar tərəfindən təhlil edildikdə son dərəcə orijinal baxış bucaqları ortaya çıxır ki, onlar O.Süleymenovun poetik mətnlərinə müraciət edərkən onun fəlsəfi-estetik düşüncəsinin qeyri-adi mənzərələrini yaradırlar. Çağdaş Türk mədəniyyətinin klassiki Oljas Süleymenovla canlı olaraq 2024-cü il oktyabr ayının sonlarında Almatıdakı Əbdicəmil Nurpeisovun vaxtı ilə yaşadığı evin qarşısındakı parkda görüşmüşdük. O vaxtlar səhhətində bəzi problemlər olsa da, bu gün şükürlər olsun ki, hər şey yaxşıdır. Biz bu böyük Türk dünyası təəssübkeşinə can sağlığı, ömür xoşluğu, uğurlar arzulayırıq.