Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada başlayacaq NATO Zirvəsi ərəfəsində sosial media hesabında paylaşım edərək ölkəsinin Alyansın gələcəyinin müzakirə olunacağı mühüm toplantıya ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Fidan qeyd edib: "Səhnə Ankarada qurulur. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Alyansın gələcəyini müəyyən edəcək bir dövrdə NATO üzvlərini qəbul etməyə hazırdır".
Nazirin sözlərinə görə, Ankarada qəbul ediləcək qərarlar təkcə mövcud təhlükəsizlik çağırışlarına cavab verməyəcək, həm də qarşıdakı illərdə Avro-Atlantik təhlükəsizlik arxitekturasının formalaşmasına təsir göstərəcək.
Fidan vurğulayıb ki, kollektiv müdafiə NATO-nun əsas prinsipi olaraq qalır. Bununla yanaşı, strateji mühitin dəyişdiyini bildirən nazir qeyd edib ki, təhdidlər artıq daha çoxşaxəli, sürətli və mürəkkəb xarakter daşıyır. Onun fikrincə, bu şəraitdə əsas meyarlar yerləşdirilə bilən hərbi imkanlar, müdafiə sənayesinin gücü və əməliyyat hazırlığıdır.
Sonda Fidan Türkiyənin məqsədini belə ifadə edib: "Daha vahid, daha bacarıqlı və daha möhkəm bir Alyans".
Aytən Yaşar/ Turkustan.az