Yay mövsümünün gəlməsi ilə istirahət üçün çimərliklərə üz tutanların sayı artıb. Yaxın günlərdə Azərbaycan ərazisində yerləşən çimərliklərdə aparılan yoxlamalar nəticəsində paytaxtda və bir sıra regionlarda yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb. Nəticədə həmin çimərliklərdə üzmək qadağan edilib. Buna baxmayaraq, vətəndaşların hələ də sözügedən çimərliklərə üz tutduğunun şahidi oluruq.
Bəs bu formada çirklənmiş çimərliklərdə üzmək vətəndaşların sağlamlığını nə qədər riskə atır? Üzmək üçün yararlı hesab olunmayan dəniz suyundan insanlara hansı xəstəliklər yoluxa bilər?
Bu sualları professor, həkim Adil Qeybulla Manset.az-a verdiyi açıqlamada cavablandırıb. O bildirib ki, istənilən suyun tərkibində daim müəyyən mikroorqanizmlər mövcuddur. İnsanlar üçün təhlükə yaradan isə bu mikroorqanizmlərin suyun tərkibindəki miqdarıdır:
“İstər dəniz suyu, istər çay suyu olsun, su steril deyil. Orada həmişə müəyyən qrup mikroorqanizmlər mövcuddur. Lakin suyun təmizlik dərəcəsi koli-titr və koli-indeks adlanan göstəricilərlə qiymətləndirilir. Yəni, suyun təmizlik səviyyəsi müəyyən həcmdə suda nə qədər bağırsaq çöpünün olması ilə müəyyən edilir. Güman ki, həmin sularda da bağırsaq çöpləri aşkarlanıb. Ola bilsin ki, məhz buna görə həmin çimərliklərdə çimmək məsləhət görülməyib.
İstənilən halda çimərliklərdə dezinfeksiya işləri aparılmalı, sanitar vəziyyətə, suyun təmizliyinə və dəniz dibinə nəzarət edilməlidir. Çünki bir neçə il əvvəl baş vermiş zəlzələdən sonra Xəzər dənizinin dibində müəyyən çatlar yarandığı bildirilir. Bəzi boğulma halları da bununla əlaqələndirilir.
Bu gün çimərliklərin böyük əksəriyyəti özəldir. Lakin çimərliyin özəl olması sahibkarın yalnız gəlir əldə etməsi demək deyil. Sahibkar həmin ərazidə texniki təhlükəsizlik, sanitar-gigiyenik qaydalar və digər bütün məsələlərə görə məsuliyyət daşımalı və onların təmin edilməsini həyata keçirməlidir.
Nəzarətsiz qalan çimərliklərin olub-olmadığını dəqiq deyə bilmərəm. Ancaq hesab edirəm ki, nəzarət altında olan, xilasedicilərin və dalğıcların fəaliyyət göstərdiyi, təhlükəsizlik tədbirlərinin təmin olunduğu çimərliklərdə çimmək daha məqsədəuyğundur. Belə çimərliklərdə mütəmadi yoxlamalar aparılır və təhlükəsizlik məsələlərinə nəzarət edilir.
Ümumiyyətlə, dənizdə təhlükəsizlik hər şeydən önəmlidir. Buraya həm bakterioloji və infeksion təhlükəsizlik, həm də texniki təhlükəsizlik tədbirləri daxildir”.
Professor qeyd edib ki, çimərliklərdə müxtəlif parazitar və infeksion xəstəliklərə yoluxma riski mövcuddur. Xüsusilə su vasitəsilə yayılan rotavirus, enterovirus və hepatit A kimi viruslara yoluxmaq mümkündür. Bundan əlavə, çimən insanlarda ayaq göbələyi, qaşınma törədən dəri infeksiyaları, otit (qulaq iltihabı), konjonktivit (göz iltihabı), adneksit, sistit və digər infeksiyalar da müşahidə oluna bilər:
“Bəzən soyuq suyun təsiri nəticəsində dəri xəstəlikləri, o cümlədən dəmrov da fəallaşa bilər. Dizenteriya, salmonellyoz, vəba kimi xəstəliklər də su vasitəsilə yayılan infeksiyalar sırasındadır. Yəni, bu infeksiyaların hər birinə yoluxma ehtimalı var.
Lakin qeyd etmək lazımdır ki, çimərlik istifadəyə verilməzdən əvvəl su nümunələri götürülərək laboratoriyada yoxlanılır və yalnız bundan sonra çimərlik istifadəyə yararlı hesab edilir.
Bununla yanaşı, bir məqam da nəzərə alınmalıdır. Bəzən çimərliklərdə insanlar həddindən artıq sıx şəkildə yerləşirlər. Belə hallarda suyun özünü təmizləmə qabiliyyəti zəifləyir və yoluxma riski artır. Çünki müxtəlif infeksiyalar insanlar vasitəsilə suya keçə və bu yolla yayıla bilər”, - deyə A.Qeybulla fikirlərinə əlavə edib.
Xatırladaq ki, hazırda Azərbaycanda Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə üzmək qadağan edilib.