Uşaqlarda diş çıxarma dövrü valideynlərin ən çox narahat olduğu və sual doğuran mərhələlərdən biridir. Körpələrdə tüpürcək axmasının artması, hərarət, narahatlıq, yuxusuzluq və digər əlamətlər valideynləri tez-tez həyəcanlandırır.
Bu proses necə gedir, normal hansı sərhədlər daxilindədir, hansı hallarda həkimə müraciət etmək lazımdır və dişlərə qulluq necə olmalıdır?
Turkustan.az xəbər verir ki, bu mövzuda sualları Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva cavablandırır.
– Uşaqlarda dişlərin çıxma vaxtı və qaydası necədir?
- Dişlərin çıxması təbii bir prosesdir. Uşaqda dişlərin görünüşü fərdin xüsusiyyətlərindən, irsiyyətindən, iqlim amillərindən, qidalanmadan, içməli suyun keyfiyyətindən və s. asılı olaraq dəyişir. Əksər hallarda süd dişləri 4-7 ay arasında görünür, lakin nadir hallarda yeni doğulmuş körpələrdə görünə bilər, 15 və ya 16 aydan yuxarı uşaqlarda olmaya bilər.
Süd dişlərinin çıxmasının orta müddəti və spesifik qaydası belədir: 6–8 ay- əvvəlcə iki alt kəsici diş, sonra iki yuxarı kəsici diş çıxır. 8–12 ay- iki yan kəsici diş çıxır, həmçinin əvvəlcə alt, sonra yuxarı kəsici dişlər görünür. 12–16 ay- ilk ilkin azı (molyar) dişləri (çənələrin yan hissələrində), 16–22 ay- dörd köpək dişlər çıxır.
Beləliklə, həyatın ilk ilinin sonuna qədər sağlam uşağın 6–8 dişi olmalıdır. 2 yaşında uşağın 16-18 dişi, 3 yaşına qədər isə təxminən 20 dişi olur (tam diş dəsti). Uşağın yaşına uyğun dişlərin sayını təxmini hesablamaq üçün diş düsturundan istifadə edə bilərik. Dişlərin sayı = yaş (aylar) – 4. Məsələn, 8 aylıq uşağın təxminən 4 dişi var.
– Körpələrdə diş çıxarmasının ümumi əlamətləri hansılardır?
- Dişlər çıxdıqda diş ətlərinin həssas olması normaldır. Kəsici dişlər və azı dişləri adətən daha çox narahatlıq (diskomforta) törədir. Diş çıxarma ağız suyunun artmasına və bu da ağız ətrafında dəridə səpgilərə səbəb ola bilər. Belə hallarda ağız ətrafını təmiz və quru saxlamaq və qoruyucu kremlərdən istifadə etmək tövsiyə olunur. Bəzən isə ağız suyunun artması öskürəklə müşahidə olunur. Əğər öskürək davam edərsə və ya qızdırma olarsa, pediatra müraciət etmək lazımdır. Diş çıxartma zamanı hərarət, əsasən 37-37,8 °C dərəcəyə qədər yüksələ bilər. Körpələr diş cıxartma müddətində diş ətlərinə təzyiqi azaltmaq üçün dişləyir və çeynəyirlər. Soyuq diş çıxarma oyuncaqlarından istifadə edilməsi tövsiyə olunur.
Diş əti ağrısı yanaqlara və qulaqlara yayıla bilər. Körpəyə yardım kimi diş ətlərini təmiz barmaqla yumşaq bir şəkildə ovuşdurmaq (masaj etmək) və pediatrın tövsiyə etdiyi yaşa uyğun ağrıkəsicilərdən istifadə edilməlidir. Artan tüpürcək nəcisin adi haldan bir qədər boş olmasına səbəb ola bilər. İshal davam edərsə və ya yüksək hərarətlə müşayiət olunarsa, pediatrla məsləhətləşmək lazımdır.
