Yay aylarında insanların müalicə ümidi ilə üz tutduğu yerlərdən biri də Bakının Suraxanı qəsəbəsi, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən “Duzlu göl” və onun yaxınlığındakı “Yodlu göl”dür. Bura gələnlər duz və yodqarışıq palçığın oynaq ağrıları, eləcə də bəzi dəri xəstəliklərinə faydalı olduğunu düşünürlər.
Bəzi sakinlər isə iddia edirlər ki, bu göllərin suyu və palçığı hətta xərçəng xəstəliyinə də müsbət təsir göstərir.
Qeyd edək ki, “Duzlu göl”dəki palçıq gələnlərə həm də ödənişli şəkildə təklif edilir. Bunun üçün ziyarətçilər 50 qəpik ödəməlidirlər.
Mövzu ilə bağlı terapevt Gülnar Quliyeva “Bakupost”a bildirib ki, Suraxanı ərazisində yerləşən duzlu və yodlu göllər uzun illərdir insanlar tərəfindən sağlamlıq məqsədilə istifadə olunur.
Onun sözlərinə görə, duzlu su və mineral tərkibli palçıq bəzi insanlarda əzələ gərginliyi, oynaq ağrıları və bəzi xroniki dəri problemlərinin simptomlarının müvəqqəti yüngülləşməsinə kömək edə bilər:
“Bunun səbəbi əsasən mineral tərkib, suyun üzmə qabiliyyəti və istilik təsiri ilə əlaqədardır. Lakin bu təsirlərin bütün xəstəlikləri müalicə etdiyini göstərən güclü elmi sübutlar mövcud deyil. Buna görə də belə gölləri tibbi müalicənin alternativi kimi deyil, yalnız əlavə dəstək üsulu kimi qiymətləndirmək daha doğrudur.
Xüsusilə açıq yarası, aktiv dəri infeksiyası, ağır ürək-damar xəstəliyi, yüksək və ya nəzarətsiz arterial təzyiqi, hamiləliyi və ya qalxanabənzər vəz xəstəlikləri olan şəxslər belə yerlərdən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Hər bir pasiyentə fərdi yanaşma vacibdir və hər kəs üçün eyni faydanı gözləmək düzgün deyil".