Kistik-fibroz xəstəsi olan gənc TƏBİB və Nazirlikdən kömək istəyir: "Genetik xəstəliyimin nəticəsi hər il eyni olduğu halda..."


Kistik-fibroz — ağır gedişli genetik xəstəlikdən əziyyət çəkən Azərbaycan gənci Camalov Abdulla Moyla oğlu redaksiyamıza müraciət edərək dövlət qurumlarının süründürməçiliyindən şikayətlənib. Gəncin bildirdiyinə görə, xəstəliyi 2007-ci ildə Almaniyada aparılan genetik analizlə təsdiqlənsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurum və TƏBİB illər boyu onun pensiyasının birdəfəlik təyin olunması ilə bağlı müraciətlərinə şablon cavablar verməkdə davam edir.

A. Camalov qeyd edir ki, genetik xəstəliyin nəticəsi hər il yenidən müayinədən keçirilməsinə baxmayaraq dəyişmir və bu vəziyyət ona, eləcə də onun kimi xəstələrə lüzumsuz əziyyət yaradır. Gənc, üstəlik, xəstəxanada müalicə almasının onun sağlamlığı üçün risk yaratdığını təsdiqləyən rəsmi həkim arayışının da diqqətə alınmadığını vurğulayır.

Redaksiyamıza göndərdiyi ərizədə A. Camalov məsələyə aydınlıq gətirilməsini və səsinin aidiyyəti qurumlara çatdırılmasını xahiş edib. Ərizənin tam mətnini təqdim edirik:

Hörmətli, Türkistan.az saytı !

Mən genetik xəstəlik olan kistik-fibroz xəstəliyindən əziyyət çəkərək oxumağa çalışan bir Azərbaycan gənciyəm. Sizə müraciət etməyimin səbəbi odur ki, biz daha əvvəl dövlətin bizim üçün ayrılan dərman vasitələrini sizin köməyiniz ilə TƏBİB-dən ala bildik. Bu səbəblə səsimizin lazımi yerlərə çatması üçün yenə sizə ehtiyacımız var.

Belə ki, mənim xəstəliyim genetikdir və genetik analizlə təsdiq olunub. Hansı ki, həmin analizi bizim ölkədə yoxlamaq mümkün deyil və valideyinlərim 2007-ci ildə məni Almaniya Respublikasına aparıb bu diaqnozu orda müəyyən elətdirdilər. Xəstəliyim səbəbi ilə dövlətdən pensiya alıram. Ancaq dəfələrlə izah etməyimə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də TƏBİB-də pensiyamın birdəfəlik təyin olunmasına köməklik etmirlər, bütün ərizələrimə şablon cavablar verirlər. Hər il mənim xəstəxanada yatmağım o müayinələrdən keçməyim nəticəni dəyişmirsə, mənə və məni kimi xəstələrə əlavə əziyyət verməyin səbəbi nədir ? Hansı ki, mənim həkimdən alınmış rəsmi sənədim də var ki, xəstəliyim səbəbi ilə xəstəxanada yatmağım səhətim üçün təhlükədir. Ancaq əlbətdə ki, ərizəmə baxmadıqları kimi, göndərdiyim əlavə sənədə də baxmadıqları üçün məsələnin mahiyyətindən ya xəbərsizdilər ya da mənim çəkdiyim əziyyət onlar üçün bir əhəmiyyət kəsb etmir.

Düşünürəm ki, həkim olmasa da orta məktəb səviyyəsində savadı olan bir adam başa düşər ki, genetik xəstəliyin hər il analiz versə də nəticəsi dəyişmir. Mən sonuncu ərizəmdə mənə şablon cavab göndərən ƏƏSMN-nin tabeliyində DTSERA-nin İdarə heyyətinin sədri Vüqar Məmmədova və TƏBİB-in icraçı direktor müavini Rahim Hüseynova “loru dildə” fikrimi çatdırmaq üçün yazdım ki- hörmətli vəzifə sahibləri nəzərinizə çatdırıram ki, bir insanın genetik olaraq milliyəti ləzgidirsə, gələn il genetikası dəyişib talış ola bilməz. Necə ki mən bu il genetik olarak kistik-fibrozis xəstəsiyəmsə gələn il bu dəyişməyəcək.
Ümid edirəm fikrimi, istəyimi yetərincə dəqiq izah edə bildim və sizin də köməyinizlə səsim lazimi yerlərlə çatar, mənə və mənim kimi xəstəlikdən əziyyət çəkənlərə boşuna bu əziyyəti verib, onsuz da çətin olan həyat şəraitimizi biraz da çətinləşdirməzlər.

Xahiş edirəm ərizəmin işıqlandırılmasına, adı keçən dövlət orqanlarının məsələyə aydınlıq gətirməsinə köməklik edəsiniz. Düşünürəm ki, mənə etdikləri kimi sizə şablon cavab verib məsələni bağlaya bilməzlər.

Hörmətlə : Camalov Abdulla Moyla oğlu

Redaksiyamız məsələni diqqətlə izləyir və aidiyyəti dövlət qurumlarından gələcək hər hansı açıqlamanı işıqlandırmağa hazırdır.


MANŞET XƏBƏRLƏRİ