Xərçəng kritik həddə çatır: ÜST xəbərdarlıq edir


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, xərçəng hallarındakı artım mövcud templə davam edərsə və təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər dünyada illik yeni xərçəng diaqnozlarının sayı təxminən 35 milyona çata bilər.

Turkustan.az xəbər verir ki, ÜST və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən birgə hazırlanan "Qlobal Xərçəng Statusu Hesabatı 2026" dərc olunub.

Hesabatda qeyd olunur ki, milyonlarla insan xərçəngin fiziki, psixoloji və maliyyə yükü ilə üz-üzədir. Bildirilir ki, hər gün 26 mindən çox insan xərçəngdən həyatını itirir. Hər il təxminən 20,6 milyon yeni xərçəng halı qeydə alınır, təxminən 10 milyon nəfər isə bu xəstəlikdən vəfat edir. Xərçəng ürək-damar xəstəliklərindən sonra dünyada ölümün ikinci əsas səbəbi olaraq qalır.

Sənəddə vurğulanır ki, bu tendensiyanın qarşısını almaq üçün xərçənglə mübarizədə insan mərkəzli yanaşmanın gücləndirilməsi, profilaktika, erkən diaqnostika, müalicə və dəstəkləyici xidmətlərə çıxışın yaxşılaşdırılması vacibdir.

Hesabatda həmçinin qeyd edilir ki, xərçəngin qarşısının alınması, diaqnostikası, müalicəsi və dəstəkləyici qayğıya çıxış sahəsində ölkələr və əhali qrupları arasında ciddi bərabərsizliklər qalmaqdadır. Bu səbəbdən milyonlarla insan ehtiyac duyduğu tibbi xidmətlərdən yararlana bilmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ