Son istifadə tarixi olmayan məhsullar - SİYAHI


Bəzi qidalar var ki, düzgün saxlanma şəraiti (sərin, quru və qaranlıq) təmin edildikdə illərlə, hətta onillərlə öz keyfiyyətini itirmir.

Pravda.az həmin məhsulların siyahısını təqdim edir:

Düyü: Ağ düyü on illərlə təzə qala bilir. Bu, tərkibindəki təbii yağlar səbəbindən tez acılaşan qəhvəyi düyüyə aid deyil.

Bal: Dünyanın ən davamlı qidasıdır. Arxeoloji qazıntılar zamanı min illik küplərdə tapılan balların hələ də yeyilə bilən olduğu sübut edilib. Zamanla kristallaşsa da, qızdırdıqda əvvəlki halına qayıdır.

Duz: Mineral olduğu üçün tərkibi dəyişmir. Yalnız nəm çəkməməsinə diqqət etmək kifayətdir.

Soya sousu: Açılmamış şüşədə soya sousu illərlə saxlanıla bilər. Tərkibindəki yüksək duz miqdarı bakteriyaların çoxalmasına mane olur.

Ağ sirkə: Turşuluq dərəcəsi yüksək olduğu üçün dadı və keyfiyyəti heç vaxt dəyişmir.

Quru paxlalılar: Mərci, lobya və noxud qurudulmuş halda çox uzunömürlüdür. Sadəcə illər keçdikcə bişmə müddəti bir qədər uzana bilər.

Şəkər: Duz kimi, şəkər də bakteriya istehsal etmir. Daşlaşmaması üçün hava ilə təmasdan qorumaq kifayətdir.

Quru süd: Təzə süd tez xarab olsa da, quru süd toz halında illərlə qida dəyərini saxlayır.

Qeyd: Bu qidaların uzunömürlü olması üçün mütləq nəmdən uzaq və hava keçirməyən qablarda saxlanılması vacibdir.


MANŞET XƏBƏRLƏRİ