ABŞ-nin İrana, Rusiyanın isə Ukraynaya taktiki nüvə zərbəsi endirə biləcəyi barədə iddialar fonunda dünyanın müxtəlif ölkələrində əhaliyə 72 saatlıq ehtiyat toplamaq çağırışları ciddi narahatlıq doğurur. Bu təlaş Azərbaycandan da yan keçməyib.
Dünyanın 33 ölkəsində vətəndaşlara ən azı 72 saatlıq ərzaq, içməli su, dərman, batareya, radio və digər zəruri vasitələrdən ibarət ehtiyat yaratmaq tövsiyə olunur. Bu ölkələrin 17-si Avropada yerləşir. Siyahıda ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Norveç, Polşa, Yaponiya və digər dövlətlər var.
Avropa İttifaqı da 72 saatlıq hazırlığı ümumi təhlükəsizlik strategiyasına daxil edib. Almaniyada 10, İsveç və Norveçdə 7 günlük ehtiyat tövsiyə olunur.
Bəs dünya nəyə hazırlaşır?
Bəzi təhlillərdə bu çağırışlar mümkün nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirilir. Xüsusilə 72 saatlıq müddət diqqət çəkir. Nüvə partlayışından sonra radioaktiv çöküntülərin yaratdığı şüalanma ilk saatlarda daha yüksək olur və sonrakı günlərdə əhəmiyyətli dərəcədə azalır. 72 saat sonra isə qapalı yerlərdən açığa çıxmaq mümkün ola bilər deyə, iddialar var. Bu səbəbdən üçgünlük ehtiyat tövsiyəsinin nüvə təhlükəsi ilə əlaqəli ola biləcəyi irəli sürülür.
Bu müzakirələr təsadüfi siyasi şəraitdə aparılmır. ABŞ-nin İranın Natanz nüvə obyektinə atom bombası ata biləcəyi, Rusiyanın isə Kiyevə taktiki nüvə zərbəsi endirə biləcəyi barədə iddialar beynəlxalq informasiya məkanında dolaşır.
Ancaq belə iddiaların geniş yayıldığı bir dövrdə dövlətlərin əhalini fövqəladə vəziyyətlərə hazırlamağa çağırması istər-istəməz əlavə təlaş yaradır.
Narahatlığı artıran daha bir hadisə noyabrın 1-dən 2-nə keçən gecə yaşanıb. Ukrayna və Rusiyanın fövqəladə xəbərdarlıq sistemlərinə kiberhücumlar nəticəsində əhaliyə nüvə zərbələri barədə saxta bildirişlər göndərilib. Hər iki ölkənin rəsmiləri xəbərdarlıqların həqiqətə uyğun olmadığını açıqlayıblar.
Mövzu Azərbaycanda da geniş müzakirə edilir. Media qurumlarında yayımlanan xəbərlər və şərhlər göstərir ki, mümkün nüvə müharibəsi ssenariləri artıq yalnız uzaq ölkələrin problemi kimi qəbul olunmur. Xüsusilə İranla qonşuluq və Rusiyanın regiondakı hərbi-siyasi rolu bu müzakirələri Azərbaycan üçün daha həssas edir.
Bununla belə, 72 saatlıq hazırlıq çağırışları yeni deyil. İsveçdə belə tövsiyələrin tarixi Soyuq müharibəyə, Almaniyada müasir hazırlıq proqramları 2016-cı ilə gedib çıxır. Avropa İttifaqı isə 2025-ci ilin martında 30 tədbirdən ibarət böhranlara hazırlıq strategiyasını qəbul edib. Noyabrın 3-də Brüssel 72 saatlıq hazırlıqla bağlı yeni təlimatlar da təqdim edib.
Əsas sual isə açıq qalır: dövlətlər sadəcə ehtimal olunan fəlakətlərə hazırlaşırlar, yoxsa dünyanın yeni və daha təhlükəli hərbi mərhələyə daxil olduğunu görürlər?
Rəsmi sənədlər nüvə müharibəsinin yaxınlaşdığını təsdiqləmir. Lakin nüvə silahından istifadə barədə iddiaların çoxaldığı, böyük dövlətlər arasında qarşıdurmanın dərinləşdiyi bir vaxtda 33 ölkənin fövqəladə ehtiyat tövsiyələrinin eyni informasiya gündəmində birləşməsi təsadüfən də olsa, ciddi psixoloji effekt yaradır.
Dünya hələ nüvə müharibəsinin astanasında olduğunu sübut edən konkret faktla üzləşməyib. Amma görünən budur ki, dövlətlər artıq ən pis ssenariləri də hazırlıq planlarından kənarda saxlamırlar. /Musavat.com/