Fransız astroloqu Nostradamusun irsini araşdıran tədqiqatçılar onun 2027-ci ildə baş verə biləcək hadisələrlə bağlı proqnozlarını müəyyən ediblər.
Turkustan.az xəbər verir ki, bu barədə noyabrın 3-də “Sky History” portalında dərc olunan araşdırma və şərhdə bildirilib.
Qeyd olunur ki, Nostradamusun əsərlərində hadisələrin məhz 2027-ci ildə baş verəcəyinə dair birbaşa göstəriş yoxdur. Bu cür yozumları müdafiə edənlər ehtimal olunan peyğəmbərlikləri “Əsrlər” (Centuries) toplusunun müxtəlif hissələrindəki 27-ci katrenlərlə əlaqələndirirlər.
Ehtimal olunan proqnozlardan birində göydəki odun qərbdən şərqə, cənub istiqamətindən yayılmasından bəhs edilir. Müasir şərhçilər hesab edirlər ki, bu sətirlər genişmiqyaslı meşə yanğınlarını təsvir edə bilər. Müvafiq parçanın XI “Əsrlər” bölməsinə aid olduğu bildirilir.
Digər ehtimal olunan proqnoz Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqələndirilir. V “Əsrlər” bölməsinin 27-ci katrenində qoşunların Persiyadan (İran) Trapezunda doğru irəliləməsi, yanğın və Qara dəniz yaxınlığında silahlı qarşıdurma təsvir olunur. Şərhçilər bu sətirlərdə İran və Türkiyənin iştirak edə biləcəyi mümkün münaqişəyə işarə görürlər. Qeyd edək ki, Trapezund indiki Türkiyənin Trabzon şəhərinin tarixi adıdır.
Başqa bir yozum isə dünya iqtisadiyyatında baş verə biləcək sarsıntılarla bağlıdır. Buna əsas kimi qızıl, gümüş və borclar səbəbindən gücdən düşmüş insanlardan bəhs edən sətirlər göstərilir. Bu versiyanın tərəfdarları hesab edirlər ki, söhbət genişmiqyaslı maliyyə böhranından gedə bilər. Bununla belə, həmin katren VIII “Əsrlər” bölməsində 28-ci nömrə ilə verilib. Bu isə proqnozların axtarılması üçün irəli sürülən 27-ci katren prinsipinə uyğun gəlmir.
Dördüncü peyğəmbərlik Fransada baş verə biləcək siyasi hadisələrlə əlaqələndirilir. Şərhçilər Fransa taxt-tacının varisinin qədim adı olan dofinə zərbə vurulması barədə ifadəni 2027-ci ilin yazında keçirilməsi planlaşdırılan prezident seçkiləri kontekstində nəzərdən keçirirlər. Onlar bu sətirlərin Marin Le Penin dövlət başçısı postu uğrunda mümkün mübarizəsi ilə əlaqəli ola biləcəyini istisna etmirlər.
Sonuncu ehtimal olunan proqnoz isə gizlədilmiş qiymətli əşyaların tapılması ilə bağlıdır. Katrenlərdən birində ildırım vurmuş Jiyen bölgəsindəki palıd ağacının altında yerləşən xəzinədən bəhs olunur. Bu yozumu müdafiə edənlər həmin sətirləri Kanadanın “Ouk” adası ilə əlaqələndirirlər. Ada “Pul mədəni” (Money Pit) adlanan əfsanəvi xəzinə quyusu barədə rəvayətləri ilə tanınır.
Bununla belə, adanın Nostradamusun mətnində adı çəkilmir. Bu əlaqə yalnız müasir şərhçilərin ehtimalına əsaslanır./modern.az