Dəhşətli virus 3 ölkəni bürüdü - Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur


Konqo Demokratik Respublikasında Ebola qızdırması epidemiyası nəticəsində həyatını itirənlərin sayı 5 min nəfəri ötüb.

Turkustan.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin oktyabrın 31-nə olan son məlumatına görə, virusa 10 351 nəfər yoluxub, onlardan 5 026-sı vəfat edib.

Ölüm nisbəti 50 faizə yaxınlaşır.

Bundibuco virusunun səbəb olduğu cari epidemiya mayın ortalarında başlayıb və Ebola epidemiyaları tarixində ölüm sayına görə artıq ikincidir.

Təxminən 11 min insanın həyatına son qoyan virus 2014–2016-cı illərdəki Qərbi Afrika epidemiyasından sonra ikinci yerdə qərarlaşır.

Hakimiyyət orqanlarının məlumatına görə, 2 788 nəfər sağalıb.

Ən ağır vəziyyət Konqonun şərqində, İturi və Şimali Kivu əyalətlərində yaranıb. Təhlükəli infeksiyanın yayılmasını silahlı münaqişə, əhalinin tibb xidmətlərinə inamsızlığı və resurs çatışmazlığı çətinləşdirir.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin qiymətləndirməsinə görə, yeni halların təxminən 80 faizi izlənilən təmas zəncirlərindən kənarda aşkarlanır ki, bu da epidemiyaya qarşı mübarizəni mürəkkəbləşdirir.

Əlavə problem aylarla maaş almayan tibb işçilərinin tətilləri səbəbindən müalicə müəssisələrinin işində yaranan fasilələr olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölənlərin təxminən üçdə biri tibbi yardım ala bilmədən müalicə mərkəzlərindən kənarda dünyasını dəyişib.

Oktyabr ayında Keniya və Nigeriya da Ebola yoluxmalarını təsdiqləyib. Uqandada əvvəllər qeydə alınmış hallar ilə birlikdə bu epidemiya Afrikanın üç regionunu əhatə edən ilk və qitədə coğrafi cəhətdən ən geniş yayılmış epidemiya olub.

Qeyd: Bundibuco virusu Ebola virusunun növlərinə daxildir. Virus üçün təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil, buna görə də xəstələrə simptomları yüngülləşdirməyə və fəsadların qarşısını almağa yönəlmiş dəstəkləyici yardım göstərilir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ