Ukrayna savaşı hələ daha üç il də davam edəcək: Rusiyanın trilyonları “havaya sovrulur”, iqtisadi “nəfəslik” qapanır


Rusiyanın hərbi xərclərinin uzun müddət yüksək səviyyədə saxlanılması üçün Kreml ya yeni gəlir mənbələri tapmalı, ya daha çox borclanmalı, ya da digər sahələrə ayrılan vəsaitləri mümkün qədər məhdudlaşdırmalıdır... Halbuki, Ukrayna savaşının davam etməsi yalnız hərbi resurslara deyil, Rusiyanın maliyyə dayanıqlığına və iqtisadiyyatının uzunmüddətli inkişaf imkanlarına da birmənalı şəkildə neqativ təsirlər göstərir...

Ukrayna savaşının qeyri-müəyyən müddətə uzana biləcəyi artıq qətiyyən istisna olunmur. Ona görə də, Kreml hətta növbəti üç il üçün hərbi xərclərə 50 trilyon rubldan çox maliyyə vəsaiti ayırmağı planlaşdırır. Belə rekord məbləğdə hərbi xərclər, artan büdcə kəsiri, azalan enerji gəlirləri və qızıl ehtiyatlarının satışı isə Rusiya iqtisadiyyatının üzləşdiyi maliyyə təzyiqlərinin daha da dərinləşdiyini göstərir.

Məsələ ondadır ki, Rusiyanın 2027-2029-cu illər üçün büdcə planları Kreml qarşısında duran əsas iqtisadi dilemmanı da üzə çıxarır. Belə ki, Ukraynaya qarşı davam edən müharibənin maliyyələşdirilməsi üçün hərbi xərclər artırılmalıdır. Ancaq bunu təmin etmək üçün tələb olunan maliyyə resursları getdikcə daha çox məhdudlaşır. Kreml müdafiə sənayesinə və ordunun təminatına prioritet verməkdə davam edir. Eyni zamanda, artan büdcə kəsirini bağlamaq üçün yeni vergi mənbələri axtarır, borclanmanı genişləndirir və ehtiyat aktivlərindən istifadə məcburiyyətində qalır.

Maraqlıdır ki, Rusiya hökumətinin Dövlət Dumasına təqdim etdiyi 2027-2029-cu illər üzrə büdcə layihəsinə əsasən, gələn il müdafiə xərclərinin təxminən 17,15 trilyon rubla çatdırılması nəzərdə tutulur. Bu, 2026-cı il üçün təsdiqlənmiş 12,12 trilyon rublluq göstəricidən təxminən 41,5 faiz çoxdur. Bununla belə, hərbi xərclərdə artımın miqyası müqayisə üçün seçilən baza göstəricisindən də asılıdır. “Reuters”in əldə etdiyi sənədlərdə 2027-ci il üçün nəzərdə tutulan məbləğ əvvəlki 13,5 trilyon rublluq planla müqayisədə təxminən 27 faiz yüksək göstərilir.

1b0d348e-6326-4b43-9375-2b797ff19d1d.jpg (152 KB)

Son məlumatlara görə, Rusiyanın müdafiə xərclərinin 2027-ci ildə federal büdcənin ümumi xərclərinin təxminən 35,2 faizini təşkil edəcəyi gözlənilir. Başqa sözlə, dövlət büdcəsindən ayrılan hər üç rublun birindən çoxu birbaşa müdafiə istiqamətinə yönəldiləcək. Milli təhlükəsizlik və hüquq-mühafizə xərcləri də nəzərə alındıqda, hərbi və təhlükəsizlik sektorunun payı federal büdcənin təxminən 44 faizinə çatmış olacaq.

Rusiyanın büdcə layihəsində 2028-ci il üçün müdafiə xərclərinə 16,6 trilyon, 2029-cu il üçün isə 16,3 trilyon rubl ayrılması nəzərdə tutulur. Beləliklə, üçillik dövrdə müdafiə xərclərinin ümumi həcmi 50 trilyon rublu keçə bilər. Bu rəqəmlər hələ büdcə planlaşdırmasının göstəriciləridir və faktiki xərclər sonradan dəyişə də bilər. Bununla belə, planlaşdırılan məbləğlər Rusiyanın yaxın perspektivdə hərbi prioritetlərindən geri çəkilmək niyyətində olmadığını da göstərir.

Maraqlıdır ki, hərbi xərclərin artırılması Rusiyanın dövlət maliyyəsində yaranan problemlərlə eyni vaxta təsadüf edir. Maliyyə Nazirliyinin yenilənmiş proqnozuna görə, 2026-cı ildə federal büdcə kəsiri 7,345 trilyon rubla, yaxud ÜDM-in 3,2 faizinə çata bilər. Halbuki, əvvəlki büdcə proqnozunda kəsirin 3,786 trilyon rubl və ya ÜDM-in 1,6 faizi səviyyəsində olacağı nəzərdə tutulurdu. Eyni zamanda, 2026-cı il üçün neft-qaz gəlirlərinin proqnozu isə 8,9 trilyon rubldan 7,6 trilyon rubla endirilib. Bu azalma xüsusilə böyük əhəmiyyət daşıyır, çünki enerji ixracından əldə olunan gəlirlər uzun müddət Rusiyanın dövlət büdcəsinin əsas maliyyə qaynaqlarından biri olub.

396c0df9-4f37-4d77-9a40-a4a20dffb44c.jpg (67 KB)

Digər tərəfdən, Rusiyanın 2027-ci ildə büdcə kəsirinin 5,44 trilyon rubl və ya ÜDM-in 2,2 faizi səviyyəsində olması planlaşdırılır. Hökumət gəlirlərlə xərclər arasındakı fərqi bağlamaq üçün borclanmanı və vergi yükünü artırmağı, dövlət fondlarının imkanlarından istifadə etməyi nəzərdə tutur. Metalurgiya və mədən sənayesi müəssisələrinin əlavə gəlirlərinə tətbiq olunacaq verginin ildə təxminən 200 milyard rubl gətirəcəyi gözlənilir. Ancaq bu addımlar Rusiyanın maliyyə problemlərinin yalnız bir hissəsini həll edə bilər. Vergilərin artırılması biznesin investisiya imkanlarını məhdudlaşdıra, borclanmanın genişlənməsi isə dövlətin gələcək illərdə borca xidmət xərclərini yüksəldə bilər. Rusiya hökumətinin proqnozuna əsasən, dövlət borcunun ÜDM-ə nisbəti isə 2027-ci ildə 21,7 faizə çatacaq.

Təbii ki, Rusiyanın maliyyə çətinliklərini göstərən digər önəmli faktor Mərkəzi Bankın qızıl ehtiyatlarının sürətlə azalmasıdır. Dünya Qızıl Şurasının məlumatına görə, Rusiya 2026-cı ilin ilk səkkiz ayında dövlət ehtiyatlarından ümumilikdə 56 ton qızıl satıb. Avqustun sonuna olan məlumata görə, bu ölkənin rəsmi qızıl ehtiyatları təxminən 2 271 tona enib. İlin ilk yarısında qeydə alınan 43,5 tonluq azalma son 25 ilin ən yüksək yarımillik göstəricisi kimi diqqəti çəkir. Bu prosesin əsas səbəblərindən biri büdcə kəsirinin maliyyələşdirilməsi ilə bağlı əməliyyatlardır. Mərkəzi Bankın qızıl ehtiyatları ilə bağlı atdığı addımlar Maliyyə Nazirliyinin Milli Rifah Fondu vasitəsilə həyata keçirdiyi əməliyyatlarla əlaqəlidir və onların mexanizmi birbaşa, ayrıca siyasi qərarla qızıl satışından daha mürəkkəbdir.

Onu da nəzərə almaq lazımdır ki, qızılın önəmli üstünlüyü onun Rusiya ərazisində saxlanılması və Qərbin sanksiyaları nəticəsində istifadəsi məhdudlaşdırılmış xarici aktivlərdən fərqli olaraq, ölkə daxilində maliyyə əməliyyatları üçün əlçatan olmasıdır. Bununla belə, qızıl ehtiyatlarının azalması Rusiyanın maliyyə sisteminin üzərindəki təzyiqlərin artdığını göstərən əsas əlamətlərdən biri hesab olunur. Üstəlik, qızılın dollar ifadəsində dəyərinin dəyişməsi də ehtiyatların ümumi həcminə təsir edir.

1df20b30-96ab-44a9-adc4-caf091934748.jpg (71 KB)

Göründüyü kimi, Rusiya hələlik Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını tamamilə itirməyib. Dövlət borclanması, vergi daxilolmaları, enerji ixracı və daxili maliyyə resursları hökumətə hərbi xərcləri yüksək səviyyədə saxlamaq imkanları verir. Ancaq bu imkanların mövcudluğu iqtisadi təzyiqlərin olmadığı anlamına da gəlmir. Belə ki, Rusiyanın 2027-ci il üçün büdcə layihəsində sosial siyasətə ayrılan federal vəsaitin 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə nominal olaraq, 15,2 faiz azaldılması nəzərdə tutulur. Səhiyyə və iqtisadiyyat bölmələrində də azalmalar planlaşdırılır. Və bu göstəricilər inflyasiya nəzərə alınmadan hesablandığı üçün real alıcılıq qabiliyyətindəki dəyişiklik daha da əhəmiyyətli ola bilər.

Belə anlaşılır ki, Rusiyanın qarşıdakı üç il üçün büdcə strategiyası Ukrayna müharibəsinin maliyyələşdirilməsinin dövlət siyasətində əsas prioritet olaraq, qaldığını göstərir. Ancaq artan hərbi xərclərlə yanaşı, büdcə kəsirinin böyüməsi, enerji gəlirlərinin azalması, vergi yükünün genişlənməsi və qızıl ehtiyatlarının satılması bu siyasətin iqtisadi qiymətini daha da yüksəldir. Və Kreml yaxın perspektivdə maliyyə öhdəliklərini yerinə yetirə bilsə də, əsas sual bu modelin hələ nə qədər müddət ırzində davam etdirilə biləcəyi ilə bağlıdır.

Belə ki, Rusiyanın hərbi xərclərinin uzun müddət yüksək səviyyədə saxlanılması üçün Kreml ya yeni gəlir mənbələri tapmalı, ya daha çox borclanmalı, ya da digər sahələrə ayrılan vəsaitləri mümkün qədər məhdudlaşdırmalıdır. Halbuki, bu seçimlərin hər birisi Rusiya iqtisadiyyatına müəyyən əlavə xərc yükü gətirir. Yəni, Ukrayna savaşının davam etməsi yalnız hərbi resurslara deyil, Rusiyanın maliyyə dayanıqlığına və iqtisadiyyatının uzunmüddətli inkişaf imkanlarına da birmənalı şəkildə neqativ təsir göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu


MANŞET XƏBƏRLƏRİ