Ölüm də bahalaşıb - Son mənzilin qiyməti 25 min manata təklif olunur


İnsan dünyasını dəyişir, yaxınları isə onu son mənzilə yola salmaq üçün bu dəfə torpaq axtarışına çıxır. Bəzən dərd, kədər və itkinin ağrısı ilə yanaşı, bir də məzar yeri tapmaq, onun qiymətini ödəmək qayğısı başlayır. Bakıda qəbir yerlərinin qiymətinin 1500 manatdan başlayaraq 25 min manatadək yüksəldiyi bildirilir. Belə çıxır ki, insanın son mənzilə yola salınması da bəziləri üçün gəlir mənbəyinə çevrilib.

Ən ağrılı məqam isə odur ki, yaxınını itirmiş ailələr belə bir vəziyyətdə qiymət müzakirə etməyə, pul axtarmağa, maddi imkanlarını ölçüb-biçməyə məcbur qalırlar. Halbuki söhbət adi torpaq sahəsindən, daşınmaz əmlakdan deyil, insanın dəfn olunacağı son yerdən gedir. Ölüm üzərindən qazanc əldə etmək cəhdi isə cəmiyyətin həm hüquqi, həm də mənəvi dəyərləri ilə ziddiyyət təşkil edir.

Maraqlıdır ki, mövcud qanunvericilik vətəndaşların dəfni üçün qəbir yerlərinin ödənişsiz ayrılmasını nəzərdə tutur. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, hər qəbir üçün 5 kvadratmetr sahə pulsuz verilməlidir. Ödəniş yalnız cənazənin yuyulması və dəfnə hazırlanması, daşınması, qəbir yerinin qazılması və qanunla müəyyən edilmiş digər xidmətlərə görə tələb oluna bilər.

Deməli, qəbir yerinin özünə görə pul tələb edilməsi ilə dəfn xidmətlərinin ödənişli olması eyni məsələ deyil. Lakin praktikada bu fərqin nə dərəcədə qorunduğu ciddi suallar doğurur. Qanun pulsuz məzar yeri nəzərdə tutduğu halda, vətəndaşlar niyə 1500, 5 min, hətta 25 min manat ödəməli olurlar? Bu vəsait kimə çatır, hansı əsasla tələb edilir və belə hallara kim nəzarət edir?

Məsələ yalnız qiymətlərin yüksək olması ilə bitmir. Qəbiristanlıqlarda yerlərin çatışmazlığı, yeni dəfn sahələrinin ayrılması və mövcud ərazilərin idarə olunması da diqqət tələb edir. Əgər torpaq çatışmazlığı varsa, bunun səbəbləri açıqlanmalı, şəhər ətrafında nəqliyyat baxımından əlçatan yeni qəbiristanlıq sahələri müəyyənləşdirilməlidir.

İnsan yaxınını itirdiyi gün torpaq axtarmaqla, pul tapmaqla, kiməsə müraciət etməklə məşğul olmamalıdır. Dəfn mərasimi ailələr üçün əlavə maddi sınağa çevrilməməlidir. Qanun kağız üzərində deyil, real həyatda işləməli, qəbir yerlərinin qanunsuz satışına dair iddialar araşdırılmalı, məsul şəxslər müəyyən edilməlidir. Çünki ölüm qaçılmazdır, amma insanın son mənzilə yola salınması üçün minlərlə manat ödəmək məcburiyyəti qaçılmaz olmamalıdır. /crossmedia.az/


MANŞET XƏBƏRLƏRİ