Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiya layihəsinin referenduma təqdim edilməsi üçün Milli Məclisdə tələb olunan səs həddini azaldılacağını istisna etməyib.
Turkustan.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında belə deyib. “Hesab edirəm ki, biz həddi aşağı salacağıq. Çünki layihədə hazırda bu nəzərdə tutulur. Demokratiyanın gücləndirilməsi baxımından biz fərqli, daha möhkəm bir tənzimləmə təklif edirik. Hədd özü əhəmiyyətli deyil. Əsas məsələ odur ki, yeni konstitusiya qəbul edildikdən sonra ona dəyişikliklər yalnız referendum yolu ilə edilə bilər”, - deyə Qalyan bildirib. “Bu, parlamentin təsdiqinin artıq tələb olunmayacağı anlamına gəlmirmi?” sualına Qalyan belə cavab verib:
“Məsələ parlamentin təsdiqinin tələb olunmayacağı deyil. Məsələnin referenduma çıxarılması üçün müəyyən bir həddin müəyyən edilməsidir. Bilmirəm, beşdə üçü, bu əhəmiyyətli deyil”. Qeyd etmək lazımdır ki, mövcud qanunvericiliyə görə, yeni konstitusiya layihəsinin referenduma təqdim edilməsi üçün parlament deputatlarının ən azı üçdə ikisinin təsdiqi tələb olunur.
Bu arada, hakim “Mülki Müqavilə” fraksiyası cəmi 64 yerə malikdir, minimum tələb olunan səs isə 70-dir. Parlament müxalifətinin bunu Azərbaycanın tələbi ilə həyata keçirildiyinə dair iddialarına münasibət bildirən Qalyan yeni Əsas Qanunun müxalifət qüvvələri tərəfindən də qəbul ediləcəyinə ümid etdiyini deyib.
“Çox danışırlar, qoy başlarını divara vursunlar, artıq kifayətdir, kifayətdir. Bu, bizim daxili işimizdir. Biz illərdir bunun üzərində işləyirik və istəyirik ki, xalq qərar versin. Kimin nə deməsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Mən öz işim üçün məsuliyyət daşıyıram”, - nazir bəyan edib. /Cebheinfo.az/