İsrailin mümkün hücumları Suriyanı hərəkətə keçirdi: Dövlət qurumları köçürülür


İsrailin Suriyanın cənubunda genişmiqyaslı quru əməliyyatına hazırlaşdığı barədə iddialardan sonra Dəməşq hökuməti hərbi və siyasi strukturlarında köklü dəyişikliklər etməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, mümkün hücumlar fonunda Suriya dövlət qurumlarının müxtəlif bölgələrə köçürülməsi planlaşdırılır. Plana əsasən, ən azı üç nazirliyin Hələbə, Müdafiə Nazirliyinin Həmaya, Mərkəzi Bankın, eləcə də neft, kənd təsərrüfatı, su və iqtisadiyyat sahələrində fəaliyyət göstərən strateji qurumların İdlib, Rakka, Deyr əz-Zor və Hasekəyə köçürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2024-cü il dekabrın 8-də Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ölkənin cənubunda hərbi fəaliyyətini artırıb. Məlumatlara görə, İsrail qüvvələri Qolan təpələrindəki bufer zonasını keçərək Quneytra-Dəməşq-Dəra xətti boyunca irəliləyib. Həmin dövrdən bəri Suriya ərazisinə 1232 hücumun həyata keçirildiyi bildirilir. Həmçinin İsrailin Suriya ərazisinin təxminən üçdə birini faktiki nəzarətə götürdüyü iddia olunur.

Dəməşqdəki Suriya təhlükəsizlik mənbələri İsrailin Dəməşq, Homs, Quneytra və Dəra istiqamətlərində quru və hava hücumları həyata keçirdiyini, eyni zamanda hava dəstəyi ilə genişmiqyaslı quru əməliyyatına hazırlaşdığını bildiriblər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ