Trampın İranla təhlükəli oyunu: Nüvədən istifadə edilə bilər? - ŞƏRH


ABŞ Prezidenti Donald Trampın İranla bağlı ziddiyyətli açıqlamaları regionda hərbi qarşıdurma ehtimalını yenidən gündəmə gətirib.

Tramp bir tərəfdən Tehrana qarşı sərt xəbərdarlıqlar edir, müharibə ilə hədələyir, digər tərəfdən isə İranla razılaşmanın mümkünlüyündən danışır. Tehran isə ABŞ-ın mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edir. Son günlər nüvə silahından istifadə ehtimalı ilə bağlı yayılan xəbərdarlıqlar da narahatlığı artırır.

Belə bir şəraitdə ABŞ və İran arasında müharibə yenidən başlaya bilərmi? Vaşinqtonun Tehrana qarşı təzyiqləri davam etdirməsinin əsas səbəbləri nədir? Mümkün hərbi qarşıdurma hansı miqyasda ola bilər?

Turkustan.az bu sualları politoloq Samir Hümbətova ünvanladı.

Samir Hümbətov - Samir Hümbətov added a new photo — in...

Samir Hümbətov

ABŞ əslində müharibəyə başlamaq istəmir. Çünki Donald Tramp İranla müharibə zamanı başa düşdü ki, bu qarşıdurmanı indiki şəkildə davam etdirmək Amerika iqtisadiyyatına zərər vurur və üstəlik, istənilən nəticəni də vermir.

Amma burada başqa bir məsələ də var. İsrailin, xüsusilə Donald Trampın üzərində ciddi təzyiqi mövcuddur. Digər tərəfdən, Tramp qarşıdakı seçkilərdə respublikaçıların səs faizinin aşağı düşməməsi üçün hansısa formada ciddi uğur əldə etməlidir. Məhz bu iki amil ABŞ-ı mütəmadi olaraq İrana təzyiqi artırmaqda və onu təzyiq altında saxlamaqda maraqlı edir.

Lakin düşünmürəm ki, bu vəziyyət indiki formada uzun müddət davam edə bilər. Çünki İran nüvə silahı əldə etməyə getdikcə yaxınlaşır və bu, təbii ki, ABŞ-ı ciddi şəkildə narahat edir.

Hesab edirəm ki, İranın nüvə silahına doğru sürətli irəliləyişi, İsrailin ABŞ-a təzyiqi və Amerikada daxili siyasi vəziyyətin gərginləşməsi, respublikaçılara qarşı narazılığın artması Donald Tramp administrasiyasını ciddi narahat edən amillərdir. Bütün bunlar İrana qarşı təzyiqlərin artmasına səbəb olur.

Bununla belə, düşünmürəm ki, təzyiqlər daha da kəskinləşəcək. Amma ABŞ ilə İran arasında yeni müharibənin baş vermə ehtimalı yüksəkdir. Bu müharibənin daha genişmiqyaslı olacağı isə o qədər də real görünmür. Ola bilsin ki, tərəflər arasında qarşılıqlı hava zərbələri həyata keçirilsin. Lakin quru qoşunlarının İrana yeridilməsi, ölkənin quru sərhədlərindən hücum edilməsi və işğal cəhdləri real görünmür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ