Azərbaycanda ilk dəfə 1-ci Respublika Nadir Xəstəliklər Forumu keçiriləcək


Azərbaycanda ilk dəfə 1-ci Respublika Nadir Xəstəliklər Forumu keçiriləcək Bu məlumatı Turkustan.az-a "Nadir Xəstəlliklər Təşkilatları İttifaqı"nın qurucusu Səadət Bayramova verib.

28 fevral Dünya Nadir Xəstəliklər Günündə Azərbaycanda nadir xəstəliklər sahəsində ilk genişmiqyaslı Respublika Forumu təşkil olunacaq.

– 28 fevralda keçiriləcək 1-ci Respublika Nadir Xəstəliklər Forumu nə ilə fərqlənir?

– Bu forum nadir xəstəliklər sahəsində ölkəmizdə keçirilən ilk Respublika səviyyəli tədbirdir. Əsas fərqi ondadır ki, burada dövlət qurumları, səhiyyə mütəxəssisləri, ictimai təşkilatlar, pasiyentlər ,media və ailələr eyni platformada bir araya gəlir. Məqsəd yalnız problemləri səsləndirmək deyil, həm də sistemli və davamlı həll yollarını müzakirə etməkdir.

– Forum hansı qurumların təşəbbüsü və dəstəyi ilə keçirilir?

– Tədbir Nadir Xəstəliklər Təşkilatları İttifaqının təşəbbüsü ilə təşkil olunur. Forumun keçirilməsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) təşkilati dəstək göstərir. Bu əməkdaşlıq nadir xəstəliklər mövzusuna kompleks və koordinasiyalı yanaşmanın göstəricisidir.

– Forumun əsas məqsədi nədən ibarətdir?

– Əsas məqsəd nadir xəstəliklər sahəsində mövcud vəziyyəti, çağırışları və inkişaf imkanlarını açıq müzakirə etmək, pasiyent və ailələrin ehtiyaclarını gündəmə gətirmək və bu sahədə uzunmüddətli yanaşmaların formalaşmasına töhfə verməkdir. Forum eyni zamanda ictimai maarifləndirmə baxımından da mühüm əhəmiyyət daşıyır.

– Tədbirdə hansı mövzular müzakirə olunacaq?

– Forum çərçivəsində nadir xəstəliklərin erkən diaqnostikası, müalicə imkanları, dərman təminatı, pasiyent hüquqları, ailələrin maarifləndirilməsi ,panel müzakirələri ,həkim təqdimatları və ictimai səhiyyə siyasətində nadir xəstəliklərin yeri kimi mövzular müzakirə olunacaq. Yerli və beynəlxalq təcrübələrə də xüsusi diqqət ayrılacaq.

– Bu forumun cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir?

– Nadir xəstəliklər az rast gəlinən olsa da, təsiri böyükdür. Bu forum nadir xəstəliklərlə yaşayan insanların səsinin eşidilməsinə, cəmiyyətin məlumatlılığının artırılmasına və səhiyyə sistemində daha sistemli yanaşmanın təşviqinə xidmət edir. Bu platformanın gələcəkdə davamlı dialoqun əsasını qoyacağına inanırıq.
– Forum nə vaxt və harada keçiriləcək?

– 1-ci Respublika Nadir Xəstəliklər Forumu

28 fevral 2026-cı il
09:00–17:00
Yeni Klinika


MANŞET XƏBƏRLƏRİ