Hazırda ölkənin həm xidmət, həm də ərzaq sektorunda ümumi bahalaşma dinamikası müşahidə olunur. Xüsusilə yay mövsümü ilə əlaqədar daxili turizmə tələbatın artmasından fürsət kimi istifadə edən Qəbələ, Quba və Qusar kimi bölgələrdəki istirahət mərkəzləri və iaşə obyektləri qiymətləri kəskin şəkildə qaldırılıb.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru Fuad İbrahimov bildirib. Onun sözlərinə görə, eyni tendensiya paytaxt və bölgə restoranlarında da qeydə alınır:
“Azad bazar iqtisadiyyatında tələb artdıqca qiymətlərin yüksəlməsi təbii qəbul edilsə də, bəzi sahələrdə inhisarçılıq meylləri ümumi bahalığı daha da stimullaşdırır.
Bahalaşma dalğası gündəlik tələbat və ərzaq məhsullarından da yan keçməyib. Ölkədə istehlak olunan məhsulların böyük hissəsinin xaricdən idxal edilməsi qiymətlərə birbaşa təsir göstərir. Yerli məhsulların, xüsusən də meyvə-tərəvəzin qiymətindəki artım isə birbaşa logistika və bürokratik əngəllərlə bağlıdır. Belə ki, həmin məhsulları rayonlardakı təsərrüfatlardan kifayət qədər ucuz qiymətə tapmaq mümkün olsa da, onların paytaxt bazarlarına gətirilməsi çətinlik yaradır”.
Ekspert qeyd edib ki, bölgələrdən gələn məhsullar birbaşa satış nöqtələrinə deyil, mütləq şəkildə topdansatış anbarlarına daxil olmalı, yalnız oradan piştaxtalara paylanmalıdır:
“Bu zəncirvari gedişat və ticarətdəki vasitəçilər son nəticədə istehlakçı üçün qiymətlərin bir neçə dəfə süni şəkildə yüksəlməsinə yol açır.
Dövlətin qiymət tənzimləmə mexanizmlərinə gəlincə, aidiyyəti qurumların bazara birbaşa müdaxiləsi və cərimə sanksiyaları yalnız hökumətin nəzarətində olan strateji sahələrdə mümkündür. Bura ilk növbədə çörək və sərnişindaşıma (ictimai nəqliyyat) xidmətləri daxildir. Əgər bu seqmentlərdə müəyyən olunmuş standart rəsmi qiymətlərdən kənar hər hansı süni artım və ya sui-istifadə halları aşkarlanarsa, dövlət orqanları dərhal müdaxilə edərək ciddi cəza tədbirləri görmək hüququna malikdir. Digər sahələrdə isə qiymətləri əsasən alıcı və satıcı arasındakı tələb-təklif balansı tənzimləyir”.
Turizm eksperti Ceyhun Aşurov bildirib ki, regionlarda qiymətlərin süni şəkildə artırıldığını demək düzgün olmazdı, çünki bu göstərici birbaşa bazardakı tələbata əsasən nizamlanır:
“Xüsusilə bayram və tətil günlərində bölgələrə axın çoxaldığı üçün qiymətlərin yüksəlməsi təbiidir. Səfər sayı azaldıqda isə qiymətlər yenidən aşağı düşür. Digər tərəfdən, turistlər getdikləri yerlərdə müxtəlif alternativləri dəyərləndirərək özləri üçün ən optimal variantı seçə bilirlər.
Ümumilikdə, ölkədə müşahidə olunan müəyyən inflyasiya dalğası gündəlik tələbat mallarının da qiymətinə təsir göstərir. Lakin otel və xidmət sektorundakı qiymət dəyişikliyi sırf mövsümi xarakter daşıyır və birbaşa tələb-təklif qanununa əsaslanır. Əlbəttə, turistlərin etimadını qazanmaq və qorumaq üçün təklif olunan qiymət göstərilən xidmətin keyfiyyətinə tam uyğun gəlməlidir. Yalnız bu balans təmin olunduqda qonaqlar razı qalır və növbəti mövsümlərdə yenidən geri dönürlər”.