2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 1,5 milyard ABŞ dollarına çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin iyun sayında məlumat verilib.
İcmala əsasən, cari ilin may ayında qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 27,2 faiz artaraq 396,7 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə yeyinti məhsullarının ixracı 23,8 faiz artaraq 144,6 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7 faiz yüksələrək 288,5 milyon ABŞ dollarına çatıb.
Yanvar-may aylarında bir sıra məhsullar üzrə ixracda əhəmiyyətli artım qeydə alınıb. Belə ki, şəkər ixracı 4,2 dəfə, pambıq iplik ixracı 2,4 dəfə artıb. Bitki və heyvan mənşəli piylər və yağların ixracı 57 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,6 faiz, pambıq lifinin ixracı 25 faiz, meyvə-tərəvəzin ixracı 18,6 faiz, çayın ixracı 16,8 faiz, spirtli və spirtsiz içkilərin ixracı isə 6 faiz yüksəlib.
Aqrar sektorda da müsbət dinamika davam edib. İlk beş ay ərzində aqrar məhsulların ixracı 25,2 faiz artaraq 414,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 39 faiz artımla 160,5 milyon ABŞ dolları olub. Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 28,8 faiz artaraq 575,1 milyon ABŞ dollarına çatıb.
İxrac olunan qeyri-neft məhsulları arasında liderliyi qızıl qoruyub saxlayıb. Hesabat dövründə qızıl ixracının dəyəri 167,6 milyon ABŞ dolları təşkil edib. Sonrakı yerlərdə 119,8 milyon ABŞ dolları ilə tomat və 112,5 milyon ABŞ dolları ilə mis filizləri qərarlaşıb.
May ayında isə ən çox ixrac edilən qeyri-neft məhsulu 44,6 milyon ABŞ dolları ilə tomat olub. Siyahıda ikinci yerdə 36,5 milyon ABŞ dolları dəyərində qızıl, üçüncü yerdə isə 26,6 milyon ABŞ dolları ilə çiyələk qərarlaşıb.
Ölkələr üzrə ixrac göstəricilərinə gəlincə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısı 433,7 milyon ABŞ dolları ilə Rusiya olub. Türkiyəyə 306,1 milyon ABŞ dolları, Gürcüstana 229,7 milyon ABŞ dolları, İsveçrəyə 178,7 milyon ABŞ dolları, Ukraynaya isə 67,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.
May ayında da Rusiya əsas ixrac bazarı olaraq qalıb. Bu ölkəyə 127,1 milyon ABŞ dolları, Türkiyəyə 86,8 milyon ABŞ dolları, Gürcüstana 53,8 milyon ABŞ dolları, İsveçrəyə 39,1 milyon ABŞ dolları, ABŞ-a isə 15,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.