Amerikasız NATO? - Türkiyə təkbaşına bu boşluğu doldura bilməyəcək


Amerika Birləşmiş Ştatlarının NATO-dakı səfiri Metyu Uitaker Vaşinqtonun alyansdan çıxmaq niyyətində olmadığını, lakin ABŞ-nin buradakı rolunun azaldılması variantlarının fəal şəkildə nəzərdən keçirildiyini bəyan edib.

Müttəfiq ölkələrin təhlükəsizlik məsələlərində daha çox məsuliyyət daşımasını hədəfləyən bu strategiya, NATO daxilində yeni güc balansının formalaşmasını aktuallaşdırır. Vaşinqtonun alyansdakı hərbi və maliyyə yükünü qismən azaltmaq planı fonunda "bu addım NATO-nun gələcəyini necə dəyişəcək və proses hansı aparıcı üzv dövlətləri ön plana çıxaracaq" sualları ətrafında müzakirələr başlayıb.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, ABŞ-nin NATO-nu tərk edəcəyi onsuz da gözlənilmirdi. Donald Trampın buna dair bəzi açıqlamaları olsa da, hər kəs yaxşı bilir ki, onun bir dediyi digəri ilə üst-üstə düşmür:

"ABŞ Prezidenti daha çox ictimaiyyətə hesablanmış addımlar atır. Nəzərə almaq lazımdır ki, ABŞ NATO-nun qurucusu, yəni ideya müəllifidir və bu alyansı yaradaraq dünyada böyük bir hərbi güc formalaşdırıb. Ona görə də Vaşinqtonun belə bir gücdən tamamilə imtina etməsi gözlənilən deyil".

Politoloqun sözlərinə görə, bununla belə, ABŞ-nin NATO ilə bağlı ciddi dəyişim tələbləri var. Bu tələblərin məğzi ondan ibarətdir ki, Vaşinqton bu günə qədər alyansın bütün yükünü təkbaşına daşıdığını və Avropanın təhlükəsizliyini tək qoruduğunu bildirir:

"İndi isə o, həm dövlət xərclərini azaltmaq, həm də digər NATO ölkələrinin tənbəlliyini aradan qaldırmaq üçün müttəfiqlərin hərbi xərclərini artırmasını tələb edir. Vaşinqton hesab edir ki, hərbi xərclər təkcə Amerikanın üzərinə düşməməli, digər ölkələr də bu öhdəliyi ən azından bölüşməlidir".

Turan Rzayev: Amerikasız bir NATO-nun gələcəyi yoxdur

Müsahibimiz qeyd edib ki, əgər ümumilikdə ABŞ-nin NATO-nu tərk etməsi ssenarisinə baxsaq, "burada hansı ölkə ön plana çıxa bilər" sualı olduqca mübahisəlidir. Çünki Amerika sonrası NATO-nun öz varlığını qoruya biləcəyi inandırıcı görünmür. Onun dediyinə görə, ortada çox böyük bir güc boşluğu yaranacaq ki, bunu da doldura biləcək potensialda tək bir ölkə yoxdur:

"Məsələn, Türkiyə NATO-nun ikinci və ya üçüncü ən böyük ordusuna sahib olsa da, onun ordusunun modernləşməsi və hərbi sənaye kompleksi hələ də NATO ilə əməkdaşlıqdan asılıdır. Yəni NATO bitsə, Türkiyə təkbaşına bu boşluğu doldura bilməyəcək. Eyni vəziyyət Fransa və Almaniyaya da aiddir. ABŞ-dən sonra ön plana çıxa biləcək əsas ölkələr məhz Fransa, Almaniya və Türkiyə olsa da, bu üç dövlət bir yerdə belə Amerikanın hərbi xərclərini qarşılamaq iqtidarında deyil".

T.Rzayev bildirib ki, NATO daxilində bütün ölkələr eyni səviyyədə deyil. Slovakiya, Sloveniya, Xorvatiya, yaxud alyansa yeni üzv olan Finlandiya və İsveç kimi dövlətlərdən birdən-birə ABŞ səviyyəsində hərbi büdcə ayırmağı gözləmək olmaz. Lakin Fransa, Almaniya, Niderland, İtaliya, İspaniya və Türkiyə kimi böyük iqtisadiyyata və sənayeyə malik ölkələrin hərbi xərclərini və kontingentini artırması qaçılmaz tələbdir. Böyük ehtimallla, bu məsələdə müəyyən razılıq əldə olunacaq və ölkələr xərcləri artıracaqlar:

"Amma ABŞ-nin alyansdan tamamilə çıxacağı bir ssenaridə, digər ölkələrin liderliyi üzərinə götürüb təşkilatı yaşadacağı iddiaları reallığı əks etdirmir. Belə bir vəziyyətdə Fransa çox istədiyi vahid Avropa İttifaqı ordusunu yaratmağa fokuslana bilər. Türkiyə isə Türk Dövlətləri Təşkilatı çərçivəsində regional, İslami və ya Yaxın Şərq kontekstində yeni bir hərbi-siyasi alyans formalaşdırmağa çalışar. Nəticə etibarilə, Amerikasız bir NATO-nun gələcəyi yoxdur".

Zeynəb Rzayeva


MANŞET XƏBƏRLƏRİ