Ermənistan istehsalı olan məhsulların yaxın dövrdə Azərbaycan bazarında satışa çıxarılması gözlənilir. İki ölkə arasında münasibətlərin normallaşması fonunda baş verən bu proses iqtisadi yanaşı, ictimai baxımdan da diqqət çəkir.
Əsas suallardan biri isə Ermənistan məhsullarının Azərbaycan istehlakçısı tərəfindən necə qarşılanacağı və bu məhsullar üçün bazarda real alıcı kütləsinin formalaşıb-formalaşmayacağıdır. Bəs istehlakçılar Ermənistan istehsalı olan məhsullara üstünlük verəcəkmi, yoxsa məhsullara münasibətdə digər amillər həlledici olacaq? Turkustan.az bu sualı iqtisadçı-eskpert Günay Hüseynovaya ünvanladı. Ekspert düşünür ki, ilkin mərhələdə bu məhsullara tələbat yüksək olmayacaq.

Günay Hüseynova
Ermənistan istehsalı olan məhsulların Azərbaycan bazarına daxil olması və bunun istehlakçı davranışına təsiri ilə bağlı bir neçə məqamı qeyd etmək istərdim.
İlk növbədə, burada məhsulun kateqoriyası mühüm əhəmiyyət daşıyır. Ermənistanın Azərbaycana həm ərzaq, həm də qeyri-ərzaq məhsulları ixrac etməsi mümkündür. Ermənistan xüsusilə kənd təsərrüfatı və konserv məhsullarının istehsalı və ixracı üzrə ixtisaslaşıb. Bu kateqoriyalara aid məhsulların Azərbaycan bazarına daxil olması da mümkündür.
İstehlakçı davranışına gəldikdə isə düşünürəm ki, ərzaq məhsullarının idxalı baş verərsə, ilkin mərhələdə həmin məhsullara tələbat çox yüksək olmayacaq. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında təxminən 30 il davam edən müharibə və qarşıdurma olub. Sülh prosesinin və münasibətlərin normallaşmasının başlanmasından isə hələ uzun müddət keçməyib. Buna görə də Azərbaycan istehlakçısının Ermənistan istehsalı olan ərzaq məhsullarına etibar və inam formalaşdırması müəyyən zaman tələb edə bilər.
Digər məhsul kateqoriyalarına, məsələn, avtomobil ehtiyat hissələrinə, maşınqayırma və müxtəlif avadanlıqlara gəldikdə isə istehlakın daha fərqli olması mümkündür. Ümumilikdə, istər ərzaq, istərsə də qeyri-ərzaq məhsulu olsun, istehlakçının seçimində əsas amillər məhsulun keyfiyyəti və qiymətidir. Əgər Ermənistan istehsalı olan məhsulların keyfiyyəti qənaətbəxş olarsa və qiyməti Azərbaycan istehlakçısının büdcəsinə uyğun gələrsə, həmin məhsullara tələbat yarana bilər.
Lakin qeyd etdiyim kimi, ərzaq məhsullarında ilkin mərhələdə idxal və istehlak səviyyəsi daha aşağı ola bilər. Bu, əsasən Azərbaycan istehlakçısının Ermənistan istehsalı olan məhsullara münasibəti və etimadı ilə bağlı olacaq.
İstehlakçıların bu məhsulları almağa və istifadə etməyə hazır olub-olmamasına yaş qrupları üzrə də yanaşmaq mümkündür. Düşünürəm ki, orta və yaşlı nəsil nümayəndələrinin Ermənistan məhsullarına münasibəti gənc nəsillə müqayisədə daha fərqli ola bilər. Çünki 1988-ci ildən əvvəl Azərbaycan və Ermənistan ərazisində yaşayan insanlar uzun müddət birgə, dinc şəraitdə yaşayıblar. Həmin dövrdə Azərbaycan məhsullarından Ermənistanda, Ermənistan məhsullarından isə Azərbaycanda istifadə olunurdu.
Gənc nəslin bu məhsullara münasibətinin necə olacağını indidən dəqiq proqnozlaşdırmaq bir qədər çətindir. Bununla belə, qarşıdakı illərdə münasibətlərin və istehlakçı davranışlarının dəyişməsi mümkündür. Hazırkı mərhələdə isə hesab edirəm ki, Ermənistan məhsullarının əsas potensial istehlakçıları orta və yaşlı nəsil nümayəndələri ola bilər.
Aytən Yaşar/ Turkustan.az