Ermənistandan Azərbaycana məhsullar ixrac oluna bilər. Əgər bu baş tutarsa, daha çox hansı məhsulların idxalı gözlənilir?
Turkustan.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının artıq baş tutduğunu və bununla bağlı şirkətlərin yaxın zamanda açıqlama verəcəyini deyib.
“Beləliklə, Azərbaycandan Ermənistana yanacaq ixracından sonra əks istiqamətdə də ticarət başlayır”, - iqtisadçı qeyd edib.
Eldəniz Əmirov bildirib ki, Ermənistandan Azərbaycana hansı məhsulların ixrac oluna biləcəyini müəyyən etmək üçün ilk növbədə bu ölkənin özünün istehsal və ixrac strukturuna baxmaq lazımdır. Çünki son illərdə Ermənistanın ixracında qızıl, qiymətli metallar və bəzi elektronika məhsullarının re-eksportu böyük yer tutub.
İqtisadçı qeyd edib ki, 2025-ci ildə Ermənistanın ümumi ixracı 36,1% azalsa da, Ermənistan mənşəli məhsulların ixracı təxminən 10% artıb: “Yəni ümumi ixracdakı azalma ölkənin öz istehsalı olan məhsulların ixracının azalması demək deyil”.
Ərzaqdan metallara qədər: Ermənistanın ixrac potensialında nələr var?
Əmirovun sözlərinə görə, bu artımın mühüm istiqamətlərindən biri ərzaq və kənd təsərrüfatıdır. O qeyd edib ki, 2025-ci ildə hazır qida məhsullarının ixracı 28,7% artaraq təxminən 1,25 milyard dollara, bitki mənşəli məhsulların ixracı isə 24,2% artaraq 300 milyon dollara çatıb. Ermənistan xarici bazarlara şokolad və qənnadı məmulatları, konservlər, meyvə şirələri, mineral sular, şərab və konyak, həmçinin təzə və qurudulmuş meyvə-tərəvəz ixrac edir.
İqtisadçı bildirib ki, bu sahələrdə istehsal artımı 2026-cı ildə də davam edib. Onun sözlərinə görə, ilin ilk yarısında qida istehsalı 6%, içki istehsalı isə 16,6% artıb. Qida sənayesinin Ermənistanın emal sənayesində payı 30%-dən çoxdur. Bunun nəticəsidir ki, 2026-cı ilin ilk 7 ayında Ermənistanın aqrar-ərzaq ixracı 849 milyon dollar təşkil edib.

Azərbaycana mümkün ixrac yalnız ərzaqla məhdudlaşmaya bilər
Əmirov qeyd edib ki, Azərbaycana mümkün ixrac yalnız ərzaq məhsulları ilə də məhdudlaşmaya bilər. Ermənistan sənayesinin bir sıra sahələrində də istehsal artır. 2026-cı ilin ilk yarısında kimya sənayesi istehsalı 73,2%, əsas metalların istehsalı 32,1%, hazır metal məmulatları 34,2%, rezin və plastik məmulatları isə 6,5% artıb.
Mədən sənayesi də ölkənin əsas ixrac sahələrindən biridir və 2025-ci ildə bu sahənin məhsullarının ixracı 18,9% artaraq 1,21 milyard dolları keçib.
Azərbaycan bazarı Ermənistan üçün yeni istiqamət ola bilər
İqtisadçı vurğulayıb ki, bütün bunlar Ermənistanın ixrac bazarlarını genişləndirməyə çalışdığı dövrə təsadüf edir. Hökumətin 2025-2030-cu illər ixrac strategiyasında yerli məhsulların ixracının təxminən 1,7 dəfə artırılaraq ildə 6,6 milyard dollara çatdırılması hədəflənir.
O bildirib ki, Azərbaycan bazarının açılması da Ermənistan üçün bu şaxələndirmənin yeni istiqamətlərindən birinə çevrilə bilər:
“Mövcud istehsal və ixrac strukturuna baxdıqda, gələcəkdə Ermənistandan Azərbaycana təzə və qurudulmuş meyvə-tərəvəz, konservlər və meyvə şirələri, şokolad və qənnadı məhsulları, mineral sular və digər içkilər, şərab və digər alkoqollu içkilər, kimya məhsulları, plastik və rezin məmulatları, metal və digər sənaye məhsulları, iqtisadi baxımdan sərfəli olarsa, mis və digər filiz konsentratları, molibden və metallurgiya məhsullarının ixrac potensialı var”.
İqtisadçı onu da qeyd edib ki, bunlar Ermənistanın ixrac imkanlarına əsaslanan potensial məhsullardır. Konkret olaraq hansı malların Azərbaycan bazarına daxil olacağını isə qiymət, keyfiyyət, tələbat, logistika və yerli məhsullarla rəqabət müəyyən edəcək./publika.az