Silivri sahillərində baş verən gəmi qəzasından sonra həbs edilən ALSU gəmisinin birinci kapitanı Ahmet Erarslan və üçüncü kapitanı Murat Evcimanın hakim qarşısında verdikləri ifadələr üzə çıxıb.
Turkustan.az xəbər verir ki, Silivri Baş Prokurorluğunun gəmi qəzası ilə bağlı başlatdığı istintaq çərçivəsində ALSU gəmisinin birinci kapitanı Ahmet Erarslan və üçüncü kapitanı Murat Evciman həbs edilib, 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Murat Evciman ifadəsində qəzanın Tuğberk İmamoğlu gəmisi ilə toqquşma nəticəsində baş verdiyini bildirib. O qeyd edib ki, gəmilər arasındakı məsafə təxminən 500 metrə qədər azaldıqda qarşı tərəfin gəmisinin istiqaməti onun idarə etdiyi gəmiyə doğru dəyişib.
“Mənə tərəf gəlirsən, gəlmə!” – deyə radiodan xəbərdarlıq etdiyini bildirən Evciman toqquşmanın qarşı tərəfin manevri nəticəsində baş verdiyini iddia edib.
ALSU gəmisinin birinci kapitanı Ahmet Erarslan isə qəza zamanı istirahətdə olduğunu və növbədə üçüncü kapitan Murat Evcimanın dayandığını bildirib.
Erarslanın sözlərinə görə, qəza səsini eşidəndən sonra göyərtəyə qalxıb və gəminin göyərtə zabiti Süleyman Ekerin “Toqquşduq, toqquşduq!” deyə qışqırdığını eşidib.
O bildirib ki, körpüyə çatanda ikinci kapitan Barış Hazar və Murat Evciman orada olub. Erarslan həmin vaxt sağ bortun arxa hissəsində işıqları yanan Tuğberk İmamoğlu gəmisini təxminən 300 metr məsafədə gördüyünü deyib.
Erarslanın ifadəsinə görə, Tuğberk İmamoğlu gəmisinin işıqlarını təxminən 2-3 dəqiqə müşahidə edib. Daha sonra gəminin işıqlarının tamamilə yox olduğunu görüb və radarda onun mövqeyini yoxlayıb.
“Gəmi təxminən 1-2 dəqiqə ərzində yoxa çıxdı və artıq radarda görünmürdü. Dərhal Sektor Marmara ilə əlaqə saxladım və vəziyyəti bildirdim”, – Erarslan ifadəsində qeyd edib.
AYtən Yaşar/Turkustan.az