Rusiya Ukraynanın paytaxtı Kiyevdə yerləşən mühüm dövlət qurumlarından birinin binasına zərbə endirib.
Turkustan.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) qərargahı Rusiyanın Kiyevə həyata keçirdiyi hava hücumları zamanı vurulub.
Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatı Kiyevin mərkəzində yerləşən SBU-nun qərargahına zərbə endirib. Hücumdan sonra əraziyə təcili yardım və xilasedici qruplar göndərilib.
Kiyev administrasiyasının məlumatına görə, hadisə nəticəsində beş nəfər yaralanıb.
Bu arada Kremlin sözçüsü Dmitri Peskov Almaniya, Böyük Britaniya və Fransanın Ukraynada uzun mənzilli raketlərin istehsalını təşkil etmək planlarına münasibət bildirərək, belə obyektlərin Rusiya Silahlı Qüvvələri üçün “qanuni hədəf” olacağını deyib.
Rusiya Prezidenti Vladimir Putin isə Ukrayna ilə razılığa gəlmək üçün imkanların olduğunu bildirib. Putin problemin yekun olaraq münaqişə tərəfləri arasında həll edilməli olduğunu vurğulayıb.
AYtən Yaşar/ Turkustan.az