“Yaxın günlərdə erməni məhsullarının Azərbaycana ilk tədarükü barədə məlumat veriləcək”.
Turkustan.az xəbər verir ki, bu baradə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində bildirib. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb. Bu ilin ilk 7 ayında isə iki ölkə arasında 17,4 milyon dollarlıq ticarət qeydə alınıb. Azərbaycan və Ermənistan arasında 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər.
Ermənistanın Azərbaycanla nəqliyyat əlaqələrinin qurulmasına hesablanan TRIPP layihəsi ətrafında müzakirələr yeni bir sualı da gündəmə gətirir: gələcəkdə Azərbaycan manatı Ermənistan bazarında görünə bilərmi və onun kursu neçə olacaq?
Hazırda 1 Azərbaycan manatı təxminən 214 Ermənistan dramına bərabərdir. Sentyabrın 3-də beynəlxalq məzənnə göstəricilərində 1 AZN 214,4 dram ətrafında qiymətləndirilir.
Bu rəqəm xüsusilə diqqətçəkəndir. Çünki Azərbaycanla Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi fonunda iki ölkənin valyutalarının real iqtisadi münasibətlərdə daha çox qarşılaşması mümkündür.
TRIPP layihəsinin həyata keçirilməsi ilə Azərbaycan-Naxçıvan istiqamətində nəqliyyat əlaqələrinin açılması, yükdaşımaların və ticarət dövriyyəsinin artması gözlənilir. Belə bir şəraitdə valyuta mübadiləsi də genişlənə bilər. Ancaq burada vacib məqam var: Azərbaycan manatı Ermənistanın rəsmi milli valyutasına çevrilməyəcək. Ermənistanın pul vahidi dram olaraq qalır. Söhbət daha çox sərhədyanı ticarət, tranzit, xidmət və digər kommersiya əməliyyatlarında manatın istifadə imkanlarının artmasından gedə bilər.
Azərbaycan manatının dollara qarşı məzənnəsi isə sentyabrın 3-də dəyişməyib – 1 ABŞ dolları 1,70 manat səviyyəsindədir. Əgər Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlər normallaşarsa, qarşıdakı illərdə 1 manatın 200-dən çox dram olması artıq yalnız valyuta bazarının deyil, iki ölkə arasında yaranacaq yeni iqtisadi əlaqələrin də göstəricisinə çevrilə bilər./Musavat.com