Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Turkustan.az müsahibəni təqdim edir:
- Tofiq müəllim, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanla bağlı verdiyi mesajlar, rus hərbi bazasının bu ölkədən çıxarılması, İrəvanın Avropa İttifaqına üzvlük məsələsi kimi mövzulara toxunması nədən xəbər verir? Bir çox təhlilçilər Kreml rəhbərinin burada sətiraltı mesajlarının olduğunu düşünür. Sizcə, Ermənistana Moskvadan gələn əsas çağırışlar nədən ibarətdir?
- Sovet İttifaqı dağılandan sonra yeni reallıq ortaya çıxdı. Rusiya keçmiş imperiya siyasətini həyata keçirmək iqtidarında deyil. Bu, demoqrafik, iqtisadi və hərbi cəhətdən də belədir. Bu, tarixi reallıqlarla bağlıdır. Bilirik ki, xalqların həyatında aktiv faza olur. Bu, bəzən insan həyatı ilə də müqayisə edilir. İmperiyalar yeni formalaşanda daha fəal olur, başqa ölkələrin torpaqlarını, xalqları özünə biləşdirir və sair.Sonra isə o özü zəifləməyə başlayır. Yəni, istənilən imperiya özünün tarixi yolunu keçməlidir.
İndi Rusiya üçün bu aktivlik başa çatıb. Sovet İttifaqı dağıldıqdan sonra vaxtilə onun tərkibində olan ölkələrin suverenliyi güclənməkdədir. Hazırda bu proses gedir. Ona görə də IX əsrdən özünə birləşdirdiyi torpaqları Rusiyanın hazırkı şəraitdə öz orbitində saxlamaq imkanları yoxdur. Mövcud proses bununla bağlıdır.
Rusiya üçün inzibatı sərhədlərlə yanaşı onun təsir dairəsinin coğrafiyası da dəyişir. Bu məntiqlə indiki mərhələdə Ermənistanla bağlı Kremldən verilən açıqlamlar heç də təəcüblə qarşılanmamalıdır.

- Ermənistan ərazisində rus hərbi bazasının saxlanılması ilə bağlı da fərqli fikirlər səslənir. Rusiya üçün həmin hərbi bazanın saxlanılması nə qədər önəmlidir?
- Əslində Ermənistandakı hərbi bazanın ümumi təhlükəsizliyə verdiyi töhvə sıfıra bərabərdir. Üç-dörd ay öncə Rusiya tərəfi "Qırmızı meydan"da hərbi paradın təhlükəsiz baş tutması üçün ABŞ-dən xahiş etmişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskidən rica eləsinlər, dron hücumları həyata keçirilməsin. Xahişləri də o idi ki, Zelenski bir-iki gün Moskvaya zərbələr endirməsin.
Belə bir vəziyyətdə gedib Ermənistanda hərbi baza saxlamağın əhəmiyyəti yoxdur.

Problem də ondadır ki, bir sıra adamlar indiki Rusiyanı keçmiş Sovet İttifaqı ilə müqayisə edərək onun gücünün hədsiz-hüdudsuz olması ilə bağlı illuziyalara qapılırlar. Burada bir sıra müqayisələrə baxmaq əsl mənzərəni görməyə kifayə edir.
Misal üçün, keçmiş Sovet İttifaqının arsenalında 50 min tank vardı. İndi isə fərqli mənbələrin ümumi statistikasına görə, rus ordusunun arsenalında 10 minə yaxın tank mövcuddur. Əslində bu da şişirdilmiş bir rəqəmdir. Ona görə də baş verənlər təbii proseslərdir.
- Sizcə, həmin baza orada Ermənistanı kimlərdən qoruyur?
- Bu da maraqlıdır. Rusiya oradakı hərbi kontingentlə Ermənistanı İrandan, Türkiyədənmi qorumağa çalışır? II Qarabağ müharibəsi vaxtı Kreml onu Azərbaycandan qorumaqdan imtina etdi. Hesab edirəm ki, Rusiya tərəfi oturub hesablayıb və Ermənistanda hərbi bazanın saxlanılmasının onlara heç bir halda sərf etmədiyi qənaətinə gəlib.
Vaxtilə Rusiyadan Ermənistana bir milyona yaxın kredit ayrılırdı. İndi isə onların bu krediti ayırmağa pulu qalmayıb.

- Baş verənlər Rusiya tərəfinin Ermənistana məxsus infrastrukturdan, xüsusi ilə dəmir yolu şəbəkəsindən uzaqlaşması ilə də yekunlaşa bilərmi?
- Vaxtilə Ermənistan dəmir yolu şəbəkəsi Rusiyanın ayırdığı kreditin qarşılığı olaraq girov kimi təqdim edilib. İndi isə vəziyyət tamamilə dəyişib. Ona görə də bizim şərhçilər indiki Rusiyanı keçmiş Sovet İttifaqı ilə müqayisə etməklə böyük səhvə yol verirlər. Çünki bu dövr qapandı və Rusiya Ermənistandan və başqa yerlərdən də çıxacaq. Bunu hələ 7 il öncə proqnozlaşdırmışıq. Necə ki sülhməramlılar Qarabağdan çıxdı...
İndi bu məsələdə tənqidi fikir söyləyənlər çıxsın üzə və reallığı görsün. Rusiyanın artıq iqtisadi-siyasi potensialı həmin koloniyaları öz himayəsində saxlamaq imkanında deyil. Böyük Britaniyanın, Avstriyanın koloniyaları yox oldu, Rusiyanınkı da dağılacaq. Bu sadə məntiqdir.