Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılan Azərbaycan vətəndaşları məsuliyyətli şəxslər deyillər.
Turkustan.az xəbər verir ki, bunu Report-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib.
O, deyib ki, qəza ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanlar Azərbaycan vətəndaşları Valeh Hümbətov, Rəşad İbrahimov və Qədir Quliyev haqqında istintaq materialları toplanır:
"Bu gün ikinci hazırlıq məhkəməsi keçirilib. Ancaq qəza baş verməsi ilə bağlı məhkəmə qərarvermə mərhələsində deyil. Bizim vətəndaşlarımız, yüksək səlahiyyət sahibi deyildilər ki bu qəzanın baş verməsi və ya baş verməməsi ilə bağlı qərar qəbul eləsinlər".
O qeyd edib ki, gəmidə çalışan üç Azərbaycan vətəndaşı texniki personal olub:
"Məhkəmənin ilk hazırlıq iclasında bunların həbs olunması ilə bağlı üç günlük həbs qəti imkan tədbiri seçilmişdi. Bu qərar onların, həmçinin bizim vətəndaşlarımız daxil olmaqla, personalının günahkar olmasına anlamına gəlmir. Bu istintaq prosesində məlum olacaq. Hadisənin iştirakçıları, sərnişinlər, gəmi limanındakı personal da daxil olmaqla, polis son üç gün ərzində yüzə yaxın şəxsdən izahat aldı.
Bu gün məhkəmə ikinci dəfə hazırlıq iclasını keçirirdi və əldə olunan dəlillərin yetərli olmaması səbəbindən növbəti məhkəmə iclasının tarixini səkkiz gün sonraya müəyyənləşdirdi".
Orxan Həsənoğlu deyib ki, Azərbaycan vətəndaşları öz həyatlarını riskə ataraq, ağır qəza vəziyyətdə digərlərinə yardımçı olublar:
"Bizim vətəndaşlarımız barəsində cinayət tərkibli materiallar yoxdur. Onlar tamamilə humanizm prinsipləri ilə orada insanlara yardımçı olublar, xilas etməyə çalışıblar. Onlar gəmini ilk tərk edənlərdən olmayıblar. Gəminin kapitanı və köməkçisi gəmini tərk edib, mülki şəxslərin gətirdiyi qayıqlara minib uzaqlaşdığı halda, bizim vətəndaşlarımız öz həyatlarını riskə ataraq, insanlara qayğı göstərərək maksimum yardım etməyə çalışıblar".
O deyib ki, bununla bağlı topladıqları dəlillərin və materialların məhkəməyə təqdim olunmasını təmin edirlər.
"Oradakı vəkillər bizim vətəndaşlarımızın xeyrinə olan video materialları, çəkilişləri, sərnişinlərin ifadələrinə əsaslanan materialları maksimum şəkildə məhkəməyə təqdim etməyə çalışırlar. Növbəti iclas gününə qədər biz maksimum materialları toplamağa çalışacağıq".
Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam edir.