Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı baş tutub. Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 3-də bildirib ki, ölkəsindən Azərbaycana ilk ixrac həyata keçirilib. Lakin o, hansı məhsulun göndərildiyini açıqlamayıb və detalları şirkətlərin özlərinin elan edəcəyini deyib.
Əslən Basarkeçərdən olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Globalinfo.az-a açıqlamasında deyib ki, Qərbi azərbaycanlılar vaxtilə Ermənistanda yaşadıqları üçün orada istehsal olunan bir sıra məhsullarla yaxından tanışdırlar:
“Bu məhsullar həqiqətən də keyfiyyətli idi. Sovet dövründə Azərbaycana yağ əsasən Ermənistandan gətirilirdi. Ermənistanda istehsal olunan bir sıra məhsullar yüksək keyfiyyəti ilə seçilirdi. Məsələn, “Nayiri” pendiri çox keyfiyyətli idi. Bu gün Azərbaycan piştaxtalarında həmin məhsulu görsək, əlbəttə, alıb istifadə edərik”.
Partiya sədri bildirib ki, Göyçə gölündə yetişdirilən balıq məhsulları da keyfiyyəti ilə seçilir:
“Biz vaxtilə həmin məhsullardan istifadə etmişik. Ermənistandan kənd təsərrüfatı və ərzaq məhsullarının daha çox idxal olunmasını istərdim. Pendir, yağ, şor və digər süd məhsulları buna misal ola bilər. Sovet dövründə Kəlbəcərdə komsomolun katibi işlədiyim vaxt Ermənistandan müxtəlif məhsullar gətirilirdi. Həmin məhsullar Yevlax, Bərdə, Ağcabədi və digər rayonlara, hətta Bakıya aparılırdı. O vaxt bu məhsulların keyfiyyətini görmüşük və açığı, indi də bəzilərinin həsrətindəyik”.
H.Hacıyevin sözlərinə görə, əsas məsələ bazarda rəqabət və məhsul bolluğunun yaranmasıdır:
“Bu, həm qiymətlərin tənzimlənməsinə, həm də istehlakçının seçim imkanlarının artmasına kömək edə bilər. Xüsusilə qiymətlərin artdığı, bəzi məhsulların insanların gəlirlərinə uyğun olmadığı bir dövrdə alternativlərin çoxalması müsbət haldır. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı ticarət və iqtisadi əməkdaşlıq genişlənərsə, hər iki tərəf bundan faydalana bilər”.