Livanın İctimai İşlər və Nəqliyyat naziri Fayez Rasamni Türkiyənin gələcək regional nəqliyyat şəbəkəsində mühüm rol oynayacağını bildirib.
Turkustan.az xəbər verir ki, nazir Ankaranın Livanı kommersiya layihələrində dəstəkləyəcəyinə ümid etdiyini qeyd edib.
Rasamni bildirib ki, Livanı Suriya ilə birləşdirəcək dəmir yolu layihəsinin həyata keçirilməsi üzərində işləyirlər. Onun sözlərinə görə, məqsəd Livanın Türkiyə, İraq və Körfəz ölkələrinin bazarlarına çıxışını təmin edən regional nəqliyyat şəbəkəsinə qoşulmasıdır.
Nazir Livanın dəmir yolu xətlərinin yenilənməsi və limanlar vasitəsilə regional ticarət əlaqələrinin genişləndirilməsinin prioritet olduğunu vurğulayıb.
Rasamni ABŞ və İran arasında Hörmüz boğazında davam edən gərginliyin dünya ticarətinə təsirlərinə də toxunaraq, bu şəraitdə Livan limanlarının strateji əhəmiyyətinin daha da artdığını bildirib.
“Livan limanları regionda tikilməkdə olan bütün yeni marşrutların təməlidir. Bu limanları inkişaf etdirmək və onları Türkiyə, Suriya və Körfəzdəki regional nəqliyyat şəbəkələrinə birləşdirmək Livanın kommersiya rolunu artırmaq üçün mühüm fürsətdir”, – Rasamni deyib.
Aytən Yaşar/ Turkustan.az