İyunun 11-də Oğuz rayon İcra Hakimiyyətinin konfrans zalında Media və Mülki Cəmiyyət İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə xanım Osmanova iştirakçıları salamlayaraq belə mühüm mövzu ətrafında Oğuzda keçirilən tədbirin əhəmiyyətini vurğuladı.
Aliyə xanım qeyd etdi ki, layihə Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq, multikulturalizm və birgəyaşayış ənənələrinin daha geniş şəkildə təbliği, eləcə də bu dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm daşıyır.
O bildirdi ki, Azərbaycan tarixən müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət, etimad və anlaşma şəraitində yaşadığı nadir ölkələrdən biridir. Bu ənənələr bu gün də uğurla davam etdirilir və dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
İcra başçısının müavini vurğuladı ki, Oğuz rayonu da ölkəmizin multikultural dəyərlərinin canlı şəkildə yaşadıldığı bölgələrdəndir. Rayon ərazisində müxtəlif etnik və dini icmaların nümayəndələri uzun illərdir mehriban qonşuluq və qarşılıqlı hörmət şəraitində yaşayır, bu da Azərbaycanın zəngin mənəvi irsinin mühüm göstəricilərindən biridir.
Aliyə xanım Osmanovanın sözlərinə görə, gənclər başda olmaqla cəmiyyətin bütün təbəqələrində milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi, sağlam dini düşüncənin təşviqi və zərərli ideoloji təsirlərə qarşı maarifləndirmə işinin genişləndirilməsi bu cür təşəbbüslərin əsas istiqamətlərindəndir.
“İnanırıq ki, belə layihələr ictimai dialoqun inkişafına, müxtəlif dini icmalar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, cəmiyyətimizdə həmrəyliyin və sabitliyin güclənməsinə mühüm töhfə verəcək. Azərbaycanın tolerantlıq modeli bundan sonra da dünyaya nümunə olacaq”, – deyə Aliyə Osmanova bildirib.
Sonra Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov layihənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat verib. O bildirib ki, belə təşəbbüslər cəmiyyətdə qarşılıqlı hörmət, dözümlülük və birgəyaşayış ənənələrinin möhkəmlənməsinə, müxtəlif sosial qruplar arasında dialoqun inkişafına mühüm töhfə verir.
Tədbirdə ilahiyyatçı, jurnalist-publisist Rəsul Mirhəşimli mövzu ilə bağlı məruzə ilə çıxış edib. Məruzəçi vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkə olub. Ölkəmizdə fərqli xalqların nümayəndələri öz adət-ənənələrini qoruyub saxlayaraq cəmiyyətin ayrılmaz hissəsinə çevriliblər. Eyni zamanda müxtəlif dini inanclara malik insanlar arasında qarşılıqlı anlaşma və hörmət münasibətləri mövcuddur. Bu, xalqımızın əsrlər boyu formalaşmış tolerant və multikultural dəyərlərinin nəticəsidir: “Lakin bir müddət əvvəl Yaxın Şərqdə baş verən münaqişələr bəzi insanların radikal dini qrupların təsiri altına düşməsinə səbəb olub. Nəticədə Azərbaycandan da müəyyən şəxslər Suriya və İraqda fəaliyyət göstərən terrorçu qruplaşmalara qoşulmuşdular. Bu halların əsas səbəblərindən biri həmin insanların dinin əsl mahiyyətini kifayət qədər bilməmələri və radikal ideologiyaların təsirinə məruz qalmaları idi.
Bu baxımdan Azərbaycanın tarix boyu sadiq qaldığı tolerantlıq və multikulturalizm ənənələri xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətimizdə qarşılıqlı hörmət, birlik və həmrəylik mühitinin qorunması gələcəkdə belə təhlükələrin qarşısının alınmasına kömək edə bilər”. Məruzəçi onu da qeyd edib ki, müxtəlif dinlərin və millətlərin nümayəndələrinin birgə, sülh və qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycan xalqının böyüklüyünün, yüksək mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin göstəricisidir. Bu dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
Tədbirdə çıxış edən AYB və Jurnalistlər Birliyinin üzvü, “Oğuz xəbərləri” qəzetinin redaktoru Nazim Hüseynli qeyd edib ki, Azərbaycan və onun qədim diyarlarından biri olan indiki Oğuz rayonunun ərazisi qədim zamanlardan müxtəlif etnosların mehriban yaşadığı bir yer olmuşdur. Tarixən əhalisinin milli və dini müxtəlifliyi ilə fərqlənən, türklərin, ləzgilərin, udinlərin, yəhudilərin və digər xalqların nümayəndələrinin birgə yaşadıqları Oğuz rayonu əhalisi yadellilərin, düşmənlərin soyqırımlarına birgə məruz qalmışlar. Tarixi mənbələrdə 1918-ci ildə ermənilərin yerli əhaliyə qarşı silahlı hücumları nəticəsində Azərbaycan türkləri ilə yanaşı digər xalqların nümayəndələrinin də soyğırımına uğramaları barədə faktlar vardır. Məsələn, Vartaşendə (Oğuz) yaşayan yəhudilər də 1918-ci ildə ermənilərin yerli xalqlara qarşı həyata keçirdikləri soyqırımların hədəfi olmuş və bu səbəbdən də onların bir hissəsi o vaxt Gəncə və Tiflisə köçmüşdür. Onun sözlərinə görə, mənbələrdə göstərilir ki, Amerika və Avropadan o vaxt üçün ən müasir texnikaları bu zonaya ilkin olaraq gətirib yaxşı təsərrüfat quran iş adamı Qərib Məhəmmədkərin oğlu aclıq illərində milliyətinə, dininə fərq qoymadan əziyyət çəkən bütün insanlara yardım göstəririr. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmuş bu varlı insanı tutmaq üçün Sovetlər dönəmində Padar kəndinə silahlı adamlar göndərilir. Xəbər ildırım sürətiylə bölgəyə yayılır. Ətraf kəndlərdə yaşayan, müxtəlif millətləri təmsil edən yüzlərcə insan bunu eşidib Padara gəlir. Müsəlmanlarla yanaşı başqa millətlərin nümayəndələri də, xüsusən Vartaşen (indiki Oğuz şəhəri) yəhudiləri sinələrini qabağa verərək onu silahlılardan qoruyurlar. Deyirlər ki, aclıq vaxtında bu kişi bizi qırılmaqdan qurtarıb, indi biz onu heç kəsin əlinə vermərik. Onlar Qərib yüzbaşının həyətinin ətrafına canlı çəpər çəkir və silahlıların içəri girməsinə imkan vermirlər. Müxtəlif millətlərin nümayəndələrinin “müsavatçı”, “istismarçı” siyahısında olan bu “qolçomağı” belə qətiyyətlə müdafiə etməsi bolşevikləri əməlli-başlı çaşdırır və onlar əliboş geri qayıtmalı olurlar... Qərib yüzbaşı da hakimiyyətlə kəllə-kəlləyə gəlməyin mənasız olduğunu anlayıb, hələ kolxozlaşma başlamadığı bir vaxtda əmlakını, Amerika və Avropadan gətirdiyi bütün texnikasını könüllü olaraq yeni hakimiyyətə bağışlayır. Lakin ətrafında baş verən hadisələrə dözməyən, sarsıntılar keçirən Qərib Məhəmməddkərim oğlu 1926-cı ilin 9 oktyabrında 56 yaşında ürək tutmasından vəfat edir. Həmyеrlimiz, tarix elmləri doktoru, prоfеssоr İsrafil İsmаyılоvun 1981-ci ildə nəşr еtdirdiyi “15 milləti təmsil еdən rаyоn” kitаbı əsаsındа həmin il rаyоndа еlmi-prаktiki kоnfrаns kеçirilmişdir. Rayonda keçirilən bayramlarda, müxtəlif tədbirlərdə ayrı-seçkilik qoyulmadan daim bütün xalqların və etnik qrupların nümayəndələri təmsil olunurlar, iştiirak edirlər. Tarix boyu olduğu kimi bu gün də ölkəmizin hər yerində, eləcə də Oğuz rayonunda müsəlmanlar, xiristianlar, yəhudilər, bir çox millətlərin, xalqların, etnik qrupların nümayəndələri Azərbaycan dövlətinin bərabər hüquqlu vətəndaşları olaraq mehriban bir ailənin üzvləri kimi qarşılıqlı hörmət mühitində yaşayır və fəaliyyət göstərirlər, xeyirdə və şərdə bir-birinin yanında olurlar. Hazırda rayonda fəaliyyət göstərən 12 dini icmanın 9-u islam təmayüllü, 1-i alban udi icması, 2-si Oğuz yəhudi icmasıdır. Onların qanunauyğun, normal fəaliyyəti üçün lazımı şərait yaradılmışdır və dövlət tərəfindən hər birinə lazımı köməkliklər göstərilir. Oğuz rayonunun müxtəlif millətlərdən və etnik qruplardan ibarət əhalisi 44 günlük Vətən müharibəsində yüksək milli birlik və həmrəylik nümayiş etdirmişdir. Rayonda birgə yaşayan azərbaycanlılar, ləzgilər, udinlər, yəhudilər, avarlar və digər xalqların nümayəndələri çiyin-çiyinə döyüşərək tarixi qələbəmizə öz töhfələrini vermiş, şəhidlik zirvəsinə ucalmış və qazi olmuşlar. Azərbaycan xalqının erməni millətçilərinin soyqırımı və etnik təmizləmə siyasətinə qarşı 200 illik mübarizəsi 2023-cü ildə qazanılmış zəfərlə başa çatmış, ölkəmizdə yaşayan bütün millət və xalqlar Azərbaycan dövləti, Azərbaycan bayrağı ətrafında birləşərək yeni dövrə əminamanlıq, sülh və yüksəliş dövrünə qədəm qoymuşlar.
Oğuz Yəhudi Dini İcmasının sədri Şirin Şuminov öz çıxışında Azərbaycanda əsrlər boyu formalaşmış multikultural mühitin və dini həmrəyliyin ölkənin ən böyük mənəvi sərvətlərindən biri olduğunu bildirib. Ş.Şuminov qeyd edib ki, Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı ölkə kimi tanınıb. Onun sözlərinə görə, bu ənənələr bu gün də uğurla davam etdirilir və ölkəmizin tolerantlıq modeli beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. “Azərbaycan tarixən multikultural dəyərlərin yaşadıldığı bir məkan olub. Oğuz rayonu da bu baxımdan ölkəmizin ən gözəl nümunələrindən biridir. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri uzun illərdir ki, mehriban qonşuluq şəraitində yaşayır, bir-birinin adət-ənənələrinə hörmətlə yanaşırlar. İnsanlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri cəmiyyətimizin əsas dəyərlərindən biridir”, – deyə o vurğulayıb. İcma sədri bildirib ki, Azərbaycanda dini etiqad azadlığının təmin olunması, milli azlıqların hüquqlarının qorunması və onların mədəni irsinin yaşadılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Bu siyasət nəticəsində ölkədə fəaliyyət göstərən dini icmalar öz fəaliyyətlərini sərbəst şəkildə qurur, mədəni və dini dəyərlərini qoruyub inkişaf etdirə bilirlər. Şirin Şamilov vurğulayıb ki, Azərbaycanda mövcud olan multikultural və tolerant mühit dünyanın bir çox ölkələri üçün nümunə sayıla bilər. O, dövlət tərəfindən milli və dini müxtəlifliyin qorunmasına göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək bildirib ki, bu siyasət ölkədə sabitliyin, həmrəyliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Çıxışının sonunda Ş.Şuminov belə maarifləndirici tədbirlərin cəmiyyətdə multikultural dəyərlərin təbliği, xalqlar və dini icmalar arasında qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tədqiqatçı Yusif Rzayev Oğuz rayonunun ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərlərinin yaşadıldığı mühüm məkanlardan biri olduğunu vurğulayıb.
Y.Rzayev bildirib ki, layihənin həyata keçirilməsi üçün Oğuz rayonunun seçilməsi olduqca uğurlu qərardır. Onun sözlərinə görə, Oğuz əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı bölgələrdən biri kimi tanınır.
Şair-tədqiqatçı qeyd edib ki, o, Oğuzda yaşayan azsaylı xalqların tarixi, folkloru, adət-ənənələri və mədəni irsi ilə bağlı keçirilən iki beynəlxalq konfransda iştirak edib və bu tədbirlər zamanı bölgənin zəngin multikultural mühiti ilə yaxından tanış olmaq imkanı qazanıb.
“Burada əsrlər boyu məscidlər, sinaqoqlar və kilsələr yanaşı fəaliyyət göstərib. Bu fakt Oğuzun tolerantlıq ənənələrinin nə qədər qədim köklərə malik olduğunu göstərir. Rayon sakinləri müxtəlif milli və dini mənsubiyyətlərinə baxmayaraq, hər zaman mehriban qonşuluq münasibətləri saxlayıblar. İnsanlar bir-birinə “can” deyib, “can” eşidən, xeyirdə də, şərdə də, bayramlarda da bir araya gələn insanlardır”, – deyə Y.Rzayev vurğulayıb.
O bildirib ki, Azərbaycan cəmiyyətində formalaşmış qarşılıqlı hörmət və etimad mühiti milli-mənəvi dəyərlərimizin gücünü nümayiş etdirir. Bu ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi isə dövlətin həyata keçirdiyi uğurlu multikulturalizm və dini həmrəylik siyasətinin nəticəsidir.
Yusif Rzayev çıxışının sonunda qeyd edib ki, Oğuz rayonunun timsalında Azərbaycanın tolerantlıq modeli bu gün dünyaya nümunə göstərilə biləcək dəyərlər sistemidir və belə layihələr gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə mühüm töhfə verir.
Oğuz Alban-udi Xristian dini icmasının sədri Svetlana Ağababayeva çıxışında Azərbaycanda hökm sürən tolerantlıq və qarşılıqlı hörmət mühitindən bəhs edib.
O bildirib ki, həyat yoldaşı rus millətindəndir, hər iki oğlu isə Rusiyada ali təhsil alıb. Təhsillərini başa vurduqdan sonra onlara Rusiyada qalıb yaşamağı təklif etsə də, oğulları bu təkliflə razılaşmayıblar:
“Dedim ki, Rusiyada ruslar çoxdur, orada yaşaya bilərsiniz. Amma onlar etiraz etdilər və bildirdilər ki, bizim vətənimiz Azərbaycandır. Biz burada doğulmuşuq, burada böyümüşük və həyatımızı da burada qurmaq istəyirik. Nəticədə hər ikisi Azərbaycana qayıtdı və hazırda Bakıda yaşayırlar”.
Svetlana Ağababayeva qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqlar və dini icmalar arasında mehriban münasibətlər mövcuddur. O, uzun illər birlikdə çalışdığı Sevda adlı azərbaycanlı həmkarını da xatırlayaraq deyib:
“Sevda valideynlərini erkən yaşda itirmişdi. İş yoldaşım idi. İnsanlar tez-tez ondan soruşurdular ki, Sveta ilə münasibətin necədir. O isə deyirdi ki, Sveta mənə doğma insan kimi qayğı göstərib. Mən də hər yerdə onu böyük qızım, bacım kimi təqdim edirdim. Təxminən 20 il ona mənəvi dəstək olmuşam. Təəssüf ki, Sevda 50 yaşında dünyasını dəyişdi”.
İcma sədri vurğulayıb ki, sayca az olmalarına baxmayaraq, özlərini Azərbaycanda doğmaları arasında hiss edirlər: “Biz heç vaxt özümüzü yad hesab etməmişik. Əksinə, hər zaman diqqət və qayğı ilə əhatə olunmuşuq. Buna görə dövlətimizə və Prezidentimizə dərin minnətdarlığımızı bildiririk”.
Layihənin eksperti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov çıxışında Azərbaycanda tolerantlıq və multikulturalizm dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı Azərbaycan bu gün də dünyaya nümunə olan multikultural mühitini uğurla qoruyub saxlayır. Q.Qubadov bildirib ki, Oğuz rayonu ölkəmizdə etnik və dini müxtəlifliyin harmonik şəkildə yaşadığı bölgələrdən biridir. Rayon ərazisində azərbaycanlılarla yanaşı, udilər, ruslar və digər xalqların nümayəndələri uzun illərdir mehriban qonşuluq şəraitində yaşayırlar. Oğuzda fəaliyyət göstərən dini icmalar, tarixi məbədlər və qorunub saxlanılan milli-mədəni ənənələr Azərbaycanın tolerantlıq modelinin canlı nümunəsidir. Ekspert vurğulayıb ki, dövlət tərəfindən multikultural dəyərlərin, dini etiqad azadlığının və milli azlıqların hüquqlarının qorunması cəmiyyətdə sabitliyin və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir. Onun sözlərinə görə, bu dəyərlərin gənc nəslə aşılanması və təbliği gələcəkdə də Azərbaycanın multikultural ənənələrinin yaşadılmasında mühüm rol oynayacaq.