İsrail mətbuatında ABŞ Prezidenti Donald Trampın İranla əldə etdiyi razılaşma sərt tənqid olunub.
Turkustan.az xəbər verir ki, məqalədə bu addımın İsrailə və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə qarşı “xəyanət” olduğu iddia edilib.
“Yedioth Ahronot” qəzetində dərc olunan məqalədə müəllif Boaz Haetzni Tramp administrasiyasının İranla apardığı danışıqların Tehranı iqtisadi baxımdan rahatlaşdırdığını və onun regional təsir imkanlarını yenidən gücləndirməsinə şərait yaratdığını irəli sürüb.
Məqalədə qeyd olunub ki, bu siyasət təkcə İsrailin deyil, həm də ABŞ-la əməkdaşlıq edən region ölkələrinin maraqlarına ziddir.
Müəllifin fikrincə, ABŞ-ın son addımları region ölkələrinin Vaşinqtona olan etimadını sarsıda bilər. Yazıda Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin gələcəkdə İsraillə münasibətləri normallaşdırmaq məsələsinə daha ehtiyatla yanaşacağı iddia olunub.
Məqalədə həmçinin vurğulanıb ki, ABŞ-ın İran siyasəti nəticəsində İsrail özünü regionda daha təcrid olunmuş vəziyyətdə hiss edə bilər.
Qeyd edək ki, məqalədə yer alan fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir və rəsmi İsrail hökumətinin mövqeyi kimi təqdim edilmir.
Aytən Yaşar/ Turkustan.az