ABŞ-İran razılaşması: Qalib kimdir, məğlub kim? Hörmüzə kim nəzarət edəcək? - ŞƏRH


ABŞ və İran arasında əldə olunduğu bildirilən son razılaşma Yaxın Şərqdə yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Sazişin ən mühüm bəndlərindən biri qlobal enerji bazarının “can damarı” hesab edilən Hörmüz boğazının gələcək statusu ilə bağlıdır. Son aylarda hərbi qarşıdurmalar və dəniz nəqliyyatına yönələn təhdidlər səbəbindən beynəlxalq ticarətin diqqət mərkəzinə çevrilən boğazın taleyi təkcə İran və ABŞ üçün deyil, bütün region ölkələri və dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır.

Ekspertlər hesab edirlər ki, razılaşmanın uğurla icrası Hörmüzdə təhlükəsizliyin bərpasına və enerji bazarlarında sabitliyə yol aça bilər. Lakin tərəflər arasında etimadın zəif olması və boğaz üzərində nəzarətlə bağlı fikir ayrılıqları risklərin hələ də qalmaqda olduğunu göstərir.

Maraqlıdır, Hörmüz boğazına nəzarət kimin əlində olacaq? Ümumiyyətlə, bu müharibənin qalibi və məğlubu varmı? Turkustan.az bu suallarla politoloq Məhəmməd Əsədullazadəyə müraciət edib.

Azərbaycan regional və qlobal təsirini artırır"

Məhəmməd Əsədullazadə

ABŞ–İran sülh müqaviləsi imzalanarsa, tərəflər arasında müəyyən razılaşmaların əldə olunacağı gözlənilir. Bu razılaşmalar çərçivəsində Hörmüz boğazında sərbəst naviqasiya bərpa oluna, gəmilərin hərəkətinə qoyulan məhdudiyyətlər aradan qaldırıla bilər. Bununla yanaşı, ekoloji təhlükəsizliklə bağlı müəyyən ödəniş və ya mexanizmlərin tətbiqi də mümkündür.

Mən hesab edirəm ki, bu qarşıdurmada əsas üstünlüyü ABŞ əldə edib. Çünki müharibənin əsas məqsədlərindən biri İranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsi və uranın zənginləşdirilməsi məsələsində geri addım atması idi. Əgər İran bu istiqamətdə razılıq verirsə, deməli, Vaşinqton öz əsas məqsədlərindən birinə nail olub.

İran isə öz növbəsində rejimin qorunub saxlanmasını uğur kimi təqdim edir. Münaqişənin ilk günlərində ABŞ tərəfindən rejim dəyişikliyi ilə bağlı mesajlar səslənsə də, bunun həyata keçirilməsi uzunmüddətli proses tələb edirdi və belə bir ssenari ABŞ-ın maraqlarına uyğun deyildi. Buna görə də Tehran daxili auditoriyaya rejimin ayaqda qalmasını qələbə kimi təqdim edə bilər.

Nəticə etibarilə, hər iki tərəf müəyyən mənada özünü qalib elan etməyə çalışacaq. Lakin qlobal güc balansı və siyasi təsir imkanları nəzərə alındıqda, ABŞ-ın bu prosesdən daha çox strateji üstünlüklə çıxdığını söyləmək olar. Eyni zamanda, gələcəkdə regionda balansın qorunması və ərəb ölkələrinə təsir mexanizmlərinin saxlanılması baxımından İrana da müəyyən rol verilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ