Tramp İsraildən xəbərsiz İranla gizli razılaşıb? – Hətta Xameneinin öldürülməsi belə…


İranla ABŞ arasında baş verən hadisələr yenidən müxtəlif müzakirələrə səbəb olub. Belə ki, müharibənin ilk günlərində İranın ali rəhbəri Əli Xamenei və 40-a yaxın siyasi və hərbi elita üzvü öldürüldü, ardınca atəşkəs elan olundu. Sonra iki ölkə arasında vəziyyət yenidən gərginləşdi. Hazırda isə tərəflər sülh memorandumu imzalayıb. Davam edən proses ABŞ-la İran arasında gizli razılaşma ilə bağlı iddiaları gündəmə gətirib.

Mümkündürmü ki, qarşılıqlı gizli razılaşma ilə İranda arzuolunmaz şəxslər aradan götürülsün? İki ölkə arasında əvvəlcədən qurulan ssenari var? İsrail bu oyundan kənar vəziyyətdə qalıb?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Əli Xamenei və digər dövlət rəsmilərinin İranda arzuolunmaz şəxs kateqoriyasında olduğu inandırıcı deyil:

“Xalqın bu şəxslərə münasibəti birmənalı olmaya bilər, amma söhbət hansısa sənəddən gedirsə, deməli, bu, hakimiyyət daxilində müəyyən qruplarla razılaşdırılıb. Bu baxımdan gizli ittifaqla bağlı fikirləri mümkün hesab etmirəm. Bu qədər itkilərdən sonra əldə olunan razılşama da hansısa gizli ittifaqın nəticəsi yox, hər iki tərəfin uzunmüddətli və genişmiqyaslı müharibədən qaçmaqda maraqlı olması ilə bağlıdır. ABŞ üçün əsas məqsəd İranın regional imkanlarını məhdudlaşdırmaq və təhlükəsizlik risklərini azaltmaqdır. İran üçün isə əsas prioritet dövlət sisteminin qorunması, iqtisadi təzyiqlərin azalması və daxili sabitliyin saxlanmasıdır. Ona görə də müəyyən mənada hər iki tərəfin də maraqlarına cavab verən anlaşmanı gizli razılıq və əvvəlcədən planlaşdırılan addım kimi qəbul etmək düzgün yanaşma olmaz”.

yusif bagirzade 900x498 1
Yusif Bağırzadə

Politoloq İsrailin oyundan kənar qaldığını düşünmür:

“Əksinə, İsrail ABŞ-İran qarşıdurmasının ən mühüm regional iştirakçılarından biridir. Təl-Əviv üçün İranın nüvə proqramı və regional təsiri əsas təhlükəsizlik məsələlərindən biridir. Buna görə də Vaşinqton Tehranla dialoqa gedərkən belə, İsrailin maraqlarını tam kənara qoya bilməzdi və böyük ehtimalla bunu etməyib. Sadəcə olaraq ABŞ bəzən müttəfiqlərinin maksimum tələbləri ilə öz qlobal strategiyası arasında balans yaratmağa çalışır”.

Y.Bağırzadənin sözlərinə görə, indiki mərhələdə əldə olunan ilkin razılşama Vaşinqtonun bütün məsələlərdə Tehranın mövqeyini qəbul etdiyi anlamına gəlmir:

“Qarşıda nüvə proqramı ilə bağlı uzun müddətli çətin danışıqlar dövrü var və tərəflərin bu məsələdə kompromisə gəlib-gəlməyəcəkləri hələ də sual olaraq qalır. Odur ki, ABŞ və İran arasında gizli razılaşma və ortaq oyun ehtimalı inandırıcı deyil. Sadəcə hər iki tərəf öz maraqlarını qoruyaraq müəyyən mərhələdə qarşıdurmanı idarəolunan səviyyəyə endirmək qərarı veriblər və anlaşma memorandumu da bunun nəticəsində ortaya çıxıb. Başqa sözlə bu, hər hansı gizli dostluq yox, geosiyasi zərurətdən doğan taktiki manevrdir. İsrail də prosesdən kənarda qalmayıb, sadəcə olaraq ABŞ-ın daha geniş regional hesablamalarında onun mövqeyi digər amillərlə balanslaşdırılır”.


MANŞET XƏBƏRLƏRİ