ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında İranla əldə olunan çərçivə razılaşmasını müsbət qiymətləndirib və Tehrana xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, İranın nüvə silahı əldə etməyəcəyi ehtimalını son dərəcə yüksək hesab edir.
“İranın heç vaxt nüvə silahına sahib olmayacağı ehtimalının 99,99 faiz olduğunu görürəm”, – deyə o vurğulayıb.
ABŞ lideri qeyd edib ki, İranla bağlı əldə olunan razılaşma bazarlarda müsbət qarşılanıb, fond indeksləri yüksəlib, neft qiymətləri isə aşağı düşüb.
“Bazarlar yüksəldi. Bu, hər şeydən daha güclü mesaj verir”, – deyə Tramp bildirib.
Cümə günü İranla anlaşma memorandumunun imzalanmasının gözlənildiyini qeyd edən Tramp sənədin hələ yekun saziş olmadığını vurğulayıb.
“Bu, yekun razılaşma deyil, sadəcə anlaşma memorandumudur”, – deyə ABŞ prezidenti bildirib.
O, həmçinin Tehrana sərt xəbərdarlıq edərək bildirib ki, razılaşmanın yekun mətni Vaşinqtonu qane etməzsə, ABŞ yenidən hərbi variantları nəzərdən keçirə bilər.
“Anlaşma memorandumu bizdən İrana hər hansı ödəniş etməyi tələb etmir. Lakin hər iki tərəfin investisiya qoymasına mane ola bilmərik. Əgər mətn xoşuma gəlməsə, onlar raketlərlə üzləşə bilərlər”, – deyə Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az