Ermənistanda dövlət qurumlarından birinin əməkdaşları üzərində siyasi nəzarət və təzyiq iddiaları gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, “Hraparak” qəzetinin yaydığı məlumata görə, dövlət qurumlarından birinin əməkdaşı redaksiyaya bildirib ki, parlament seçkilərindən sonra onların rəhbəri kollektiv iclas keçirərək işçilərə xəbərdarlıq edib.
İddiaya əsasən, rəhbər bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşların telefon danışıqlarını dinləyib və hər kəsin hansı siyasi qüvvəyə səs verdiyi barədə məlumatlara malikdir.
Mənbənin sözlərinə görə, rəhbər müxalifətə simpatiya bəsləyən və Baş nazir Nikol Paşinyanı tənqid edən şəxslərin dövlət sistemindən uzaqlaşdırılacağını deyib. Bu açıqlama bəzi əməkdaşların narazılığına səbəb olub.
Onlar telefon danışıqlarının dinlənilməsinin qanuni əsaslarını sorğulayıblar.
Məlumata görə, etirazını ən fəal şəkildə ifadə edən, müxalif baxışları ilə tanınan əməkdaş sonradan yazılı töhmət alıb.
Qeyd edək ki, bu iddialarla bağlı hələlik Ermənistan hakimiyyəti və ya MTX tərəfindən rəsmi açıqlama verilməyib.