Azərbaycanda həkim çatışmazlığı: 65 yaş həddi ləğv olunmalıdırmı?


Regionlarda 65 yaşına çatmış həkimlərin fəaliyyətinə icazə verilməsi məsələsi gündəmə gəlib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında bunun səbəbini regionlarda həkim çatışmazlığı ilə əlaqələndirib. O bildirib ki, həkimlərin daha çox böyük şəhərlərdə çalışması bölgələrdə kadr qıtlığı yaradır.

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan həkim Aydın Əliyev 65 yaşdan yuxarı mütəxəssislərin işdən çıxarılmamasını səhiyyə sistemi üçün müsbət addım kimi qiymətləndirib:

"Əgər təklif qəbul olunarsa, bu, müsbət addım olacaq. Həqiqətən də tibbi kadr çatışmazlığı var. Təkcə Bakının mərkəzində yox, ətraf bölgələrdə də həkim azlığı hiss olunur. Xüsusilə rayonlarda bu problem daha kəskindir. 65 yaşı tamam olsa da, hələ də enerjisi və həvəsi olan həkimlərin böyük təcrübəsi var və bu təcrübədən istifadə edilməlidir. Bu, səhiyyənin inkişafına xidmət edər”.

Professor Adil Qeybulla da Azərbaycanda həkim çatışmazlığının mövcud olduğunu və 65 yaş məsələsinin kadr siyasətində mexaniki şəkildə tətbiq edilməməli olduğunu bildirib:

"Əgər 65 yaşına çatan şəxs əmək qabiliyyətini və əqli fəaliyyətini saxlayırsa, niyə onun təcrübəsindən istifadə olunmasın? Əgər kifayət qədər kadr varsa və ehtiyac yoxdursa, bu ayrı məsələdir. Amma ümumilikdə dünyada, o cümlədən Almaniya, İngiltərə və ABŞ-da da həkim çatışmazlığı mövcuddur. Həkimlik ağır peşədir və bir çox ölkələrdə əməkhaqqı iş yükünə uyğun hesab edilmir. Bu da gənclərin bu sahəyə marağını azaldır”.

Adil Qeybullanın fikrincə, icbari tibbi sığorta sistemi çərçivəsində əməkhaqqı sisteminin təkmilləşdirilməsi vəziyyəti dəyişə bilər:

"Əgər həkimlərin maaş sistemi standartlaşdırılsa, vəziyyət fərqli ola bilər. Hazırda isə kadr axını və həkim çatışmazlığı problemi var. Ona görə də təcrübəli həkimlərin sistemdən çıxarılması düzgün deyil. 65 yaş pensiya həddi həkimlərə şamil edilməməlidir. Kim istəsə, könüllü şəkildə pensiyaya çıxa bilər, amma məcburi şəkildə göndərmək səhiyyə sisteminə zərər verir”.


MANŞET XƏBƏRLƏRİ