Anar Eminov: Akademik mükəmməlliyə aparan yol şəffaf qiymətləndirmə və nəticəyönümlü idarəetmədən keçir


Qlobal çağırışların sürətlə dəyişdiyi, bilik və innovasiyaların inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildiyi çağdaş dövrdə universitetlərin missiyası sadəcə ixtisaslı mütəxəssis hazırlamaqla məhdudlaşmır. Müasir ali təhsil müəssisələri eyni zamanda elmi düşüncənin formalaşdığı, innovativ ideyaların yarandığı, yeni texnologiyaların təşviq edildiyi və cəmiyyətin intellektual inkişafına istiqamət verən strateji mərkəzlər kimi çıxış edirlər. Bu baxımdan universitetlərin inkişafı ilk növbədə akademik mükəmməlliyin təmin olunmasından, elmi fəaliyyətin nəticələrinin artırılmasından və insan kapitalına qoyulan investisiyanın səmərəliliyindən asılıdır.

Azərbaycanda son illər təhsil və elm sahəsində həyata keçirilən ardıcıl islahatlar da məhz keyfiyyətin yüksəldilməsi, beynəlxalq rəqabət qabiliyyətinin artırılması, innovativ idarəetmə modellərinin tətbiqi və nəticəyönümlü fəaliyyətin təşviqi məqsədi daşıyır. Ölkəmizdə formalaşan yeni inkişaf mərhələsi ali təhsil müəssisələri qarşısında daha yüksək hədəflər müəyyənləşdirir, universitetlərin fəaliyyətinin müasir meyarlar əsasında qurulmasını zəruri edir.

Mingəçevir Dövlət Universitetində istifadəyə verilən Akademik Stimullaşdırma və İndeksləmə Sistemi – ASİS də məhz bu strateji baxışın və müasir universitet modelinin tələblərindən irəli gələn mühüm yeniliklərdən biridir. Bu təşəbbüs yeni rəqəmsal platforma olmağın yanısıra, həm də akademik fəaliyyətin idarə olunmasına yanaşmanın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi deməkdir.

Əslində, müasir universitetlərin inkişafını müəyyən edən əsas amil mövcud resursların həcmi deyil, həmin resursların nəticəyə çevrilmə səviyyəsidir. Akademik heyətin elmi nəşrləri, beynəlxalq layihələrdə iştirakı, patent fəaliyyəti, innovativ təşəbbüsləri, peşəkar inkişaf göstəriciləri və universitetin beynəlxalq nüfuzuna verdiyi töhfələr ali təhsil müəssisəsinin real inkişaf indikatorları hesab olunur. Buna görə də akademik fəaliyyətin obyektiv, şəffaf və ölçüləbilən meyarlar əsasında qiymətləndirilməsi zamanın tələbidir.

ASİS platforması professor-müəllim heyətinin elmi-tədqiqat, layihə, innovasiya və akademik inkişaf istiqamətlərində əldə etdiyi nəticələrin vahid rəqəmsal sistem üzərindən izlənilməsinə və qiymətləndirilməsinə imkan yaradır. Bu isə universitetdə idarəetmənin daha çevik, məlumat əsaslı və nəticəyönümlü prinsiplər üzərində qurulmasına xidmət edir.

Yeni sistemin mühüm üstünlüklərindən biri akademik fəaliyyətin müxtəlif istiqamətlərini kompleks şəkildə əhatə etməsidir. Elmi məqalələr, beynəlxalq və milli layihələr, patentlər, konfrans materialları, dərslik və dərs vəsaitləri, beynəlxalq dil və peşəkar sertifikatlar akademik fəaliyyətin ayrılmaz tərkib hissələri kimi qiymətləndirilir. Beləliklə, müəllimin fəaliyyəti yalnız bir istiqamət üzrə deyil, bütövlükdə akademik məhsuldarlığı əsasında dəyərləndirilir.

Xüsusilə “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalarda indekslənən nəşrlərin təşviqi universitetimizin beynəlxalq elmi görünürlüğünün artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Elmi nəticələrin qlobal akademik məkana çıxarılması, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və universitetin elmi nüfuzunun yüksəldilməsi qarşıdakı dövr üçün əsas prioritetlərimizdən biridir.

Müasir ali təhsil sistemi bu gün yalnız bilik mübadiləsi ilə kifayətlənmir. Bu gün universitetlər yeni bilik yaradan, innovativ həllər təklif edən və cəmiyyətin inkişafına töhfə verən institusiyalar kimi fəaliyyət göstərirlər. Məhz buna görə də layihə fəaliyyəti, tətbiqyönümlü tədqiqatlar və patentləşdirmə prosesləri ASİS çərçivəsində xüsusi önəm daşıyır. Məqsəd elmi ideyanın real nəticəyə çevrilməsini təşviq etməkdir.

Beynəlxalq sertifikatların qiymətləndirmə sisteminə daxil edilməsi də universitetimizin insan kapitalının inkişafına verdiyi önəmin göstəricisidir. Xarici dil bilikləri, peşəkar kompetensiyalar və beynəlxalq standartlara uyğun bacarıqlar müasir akademik mühitin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu istiqamətdə əldə olunan nailiyyətlərin stimullaşdırılması universitet əməkdaşlarının qlobal akademik məkana inteqrasiyasını daha da sürətləndirəcək.

ASİS-in tətbiqi eyni zamanda universitetdə şəffaflıq, hesabatlılıq və ədalət prinsiplərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Akademik fəaliyyətə dair məlumatların elektron formada təqdim olunması, nəticələrin rəqəmsal əsasda formalaşdırılması və qiymətləndirmə prosesinin ölçüləbilən göstəricilər üzərində qurulması idarəetmədə etibarlılığı və obyektivliyi təmin edən mühüm amillərdəndir.

Ən vacib məqamlardan biri isə universitetdə sağlam akademik rəqabət mühitinin formalaşdırılmasıdır. Sağlam rəqabət inkişafın, yeniliyin və yüksək nəticələrin əsas şərtlərindən biridir. Daha çox araşdıran, daha çox yaradan, daha çox elmi nəticə əldə edən və universitetin nüfuzuna daha böyük töhfə verən əməkdaşların əməyinin layiqincə qiymətləndirilməsi akademik motivasiyanın güclənməsinə xidmət edir.

Mingəçevir Dövlət Universiteti qarşısına regionun qabaqcıl ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, beynəlxalq elmi və akademik məkanda tanınan, rəqabətqabiliyyətli və innovativ universitet modelini formalaşdırmaq məqsədi qoyub. Bu hədəfə aparan yol isə ilk növbədə akademik mükəmməllikdən, keyfiyyətli elmi fəaliyyətdən və müasir idarəetmə yanaşmalarından keçir.

Əminliklə demək olar ki, Akademik Stimullaşdırma və İndeksləmə Sistemi universitetimizin inkişaf strategiyasında yeni mərhələnin başlanğıcını ifadə edir. Bu sistem yalnız fəaliyyətin qiymətləndirilməsi mexanizmi deyil, həm də elmi yaradıcılığı təşviq edən, innovasiyanı dəstəkləyən, akademik potensialı hərəkətə gətirən və gələcəyin universitet modelini formalaşdıran mühüm idarəetmə alətidir.

Akademik mükəmməllik təsadüfən yaranmır. O, şəffaf qiymətləndirmə, ədalətli stimullaşdırma, sağlam rəqabət və davamlı inkişafın vəhdətindən doğur. Mingəçevir Dövlət Universitetində tətbiq olunan ASİS məhz bu vəhdətin institusional modelidir.

İnanıram ki, bu model universitetimizin elmi nüfuzunun yüksəlməsinə, beynəlxalq akademik məkanda mövqeyinin daha da möhkəmlənməsinə və Azərbaycanın ali təhsilinin inkişafına sanballı töhfələr verəcək.


MANŞET XƏBƏRLƏRİ